“Gülər Əhmədova məni bu cür tənqid edirsə, buna sevinirəm”.
Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Elman Nəsirov sabiq həmkarı Gülər Əhmədovanın bir neçə gün bundan qabaq “Elman Nəsirov Ramiz Mehdiyevin şah əsəridir” fikirlərinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, Gülər Əhmədova onun haqqında tərif desəydi, əhvalı pozula bilərdi:
“Siz mənə desəydiz ki, Gülər Əhmədova sizi çox möhkəm tərif edib. Buna təəccüb edərdim. Hətta kefim də pozulardı ki, Gülər Əhmədova məni niyə tərif edib. Mənim və digərlərinin əqidəsinin nə olduğunu hamı çox gözəl bilir. Əlavə şərhə ehtiyac yoxdur”.
Parlamentari hər kəsin bir-birini çox yaxşı tanıdığını da qeyd edib:
“Azərbaycan elə də böyük dövlət deyil. Burada hamı bir-birini çox yaxşı tanıyır. Məni də yaxşı tanıyırlar, Gülər Əhmədovanı da... Ona görə də əlavə nəsə söyləmək istəmirəm. Eyni zamanda, ölkə rəhbərliyi də hər kəsi çox yaxşı tanıyır”.
Qeyd edək ki, bir neçə gün bundan qabaq sabiq deputat Gülər Əhmədova “Yeni sabah”a müsahibə verib. Müsahibədə sabiq deputat “Aydın Mirzəzadə və Elman Nəsirov Ramiz Mehdiyevin şah əsəridir” fikirlərini səsləndirib.