Yeni Turizm Mərkəzi kəndin qədimliyini özünə qaytarır
...Maşın yolu daraldıqca ünvana çatdığımı başa düşürəm. Yaxınlıqdakı taksi sürücülərinin birindən soruşuruq: “Balaxanıda yenidən qurulan bir hissə var, ora necə gedə bilərik?”. Hə, məhz Balaxanıda-Azərbaycanın ən böyük neft yataqlarınn olduğu ərazidə. Təkcə XIX dünyanın nəhəng neft şirkətləri Bibiheybətdə, Suraxanıda, həmçinin Balaxanıdakı qara qızıldan ötrü ölkəmizə gəlib. Burada elə indi də nəft çıxarılır, gərgin iş gedir. Yol boyu rastıma çıxan texnikalar onu deməyə əsas verir ki, qara qızıla tələbat həmişə olub və olacaq. Şükür, Yaradan bu sərvəti bizdən əsirgəməyib.
Nə isə...35-40 yaşlarındakı sürücü elə bu suala bənd imiş kimi, cəld yaxınlaşır və izah etməyə başlayır: “100 metrdən sonra sağa dönərsiniz. İki yol var. Növbə ilə ikisini də gəzərsiniz”. Təşəkkürümüzü bildirir və yolumuza davam edirik.
Necə deyilibsə, elə də olur. Çox keçmədən iki paralel yolla qarşılaşır və birinciyə daxil oluruq. Daş və dolanbaclı yollar... Bir-iki mərtəbəli evlər... Əlbəttə, burada hündürmərtəbəli “Novostroyka”lara rast gəlmək təəccüblü olar. Ləngimədən fotolar çəkməyə başlayıram. Düzü, hava yağışlı və küləkli olduğu üçün maşından düşməyə ərinirəm.
Amma mühitlə daha yaxından tanış olmaqdan ötrü buna məcburam. Həm də bir də Allah bilir, “ikinci İçərişəhər” adlanan bu yerlərə nə vaxt yolum düşər. Sözsüz ki, mövcud hava şəraiti yerli əhalini narahat etmir. Onlar qədimliklə müasirliyin qovuşduğu yollarda addımlamaq, təmiz hava qəbul etmək üçün münasib vaxtı gözləyə bilərlər. Mənim kimi şəhərin o biri başından gəlmirlər axı...Odur ki, taksinin pulunu ödəyir və maşından düşürəm.
Rastıma çıxan küçələrdən biri diqqətimi çəkiir. Divara vurulan lövhədə yazılıb: “Səfəvilər küçəsi”. Bu dövlətin təxminən iki əsrlik fəaliyyətini, hökmdarlarını xatırlayıram. Əlbəttə, küçəyə məhz bu dövlətin adının verilməsi təsadüfi deyil. Axı sələfləri Qaraqoyunlulardan fərqli olaraq 58 il, Ağqoyunlulardan fərqli olaraq 32 il yaşamayıb, əksinə, Azərbaycanın ən uzun ömürlü dövlətlərindən biri olub. Ərazisi də ki 200 min kvadrat kilometr. İndi bizə ərazi iddiaları ilə çıxış edən, təxribatlar törədən ermənilər var ha, o vaxt onların heç izi-tozu da yox idi. Bu düşüncələrlə addımlayıram.. Bir də baxıram ki, üzünü tük basmış 50-60 yaşlarındakı kişi qarşısındakı yeşiyin üstünə qoyduğu qarpız, yemişə işarə edərək yüksək səslə, daha doğrusu, bacardığı qədər ucadan deyir: “Gəl, ay müştəri...”. Lap, elə bil, XIX, XX əsrdir. İndi belə mal satan var ki? Az qala, qarpız, yemişi də onlayn qaydada, evdən çıxmadan alırıq. Vallah, işimiz qalıb Allaha.
Yaşıl darvazalı bir evin qabağında iki-üç uşaq futbol oynayır. Onları dialoqa nə cür cəlb edəcəyimi düşünürəm. Yaxınlaşıb salam verib və soruşuram:
-Yaxınlıqda dükan varmı?
Gözümə nisbətən daha böyük kimi görünən “əmi, qabaqda var” deyir. “Əmi” sözünə təəccüblənsəm də, özümü o yerə qoymuram və növbəti sualımı verirəm:
-Hava buludludur, qəfil yağış yağsa nə edəcəksiniz?
-Evimiz yaxındadır. Onsuz da çox oynamağa imkanımız olmur? -Bu dəfə başqası mənimlə dialoqa başlayır.
-Niyə?
-Bu küçələr salınandan bura turistlər tez-tez gəlir. Bir də görürsünüz ki, 10-15 nəfər gəlirlər. Ona görə oynaya bilmirik.
Uşaqlardan informasiya ala bildiyimə görə sevinirəm. Deməli, Balaxanının bu hissəsi artıq əcnəbilər arasında da tanınır. Onlardan fərqli olaraq mən yağışdan qorxuram. Odur ki, “Həə...” deyir və “futbolçu”lardan uzaqlaşıram.
Dar və əyri-əyrü küçələrlə yoluma davam edirəm. Evlər, onların rəngli qapıları, kiçik pəncərələri diqqətimi çəkir. Məşədi İbadın heykəlini görən kimi qeyri-iradi gülürəm. Qonşunun həyətinə baxır. Belinə çıxdığı da, yəqin ki, nökəridir...Hasarın üstünə də pişik heykəlləri qoyulub. Həqiqətən, maraqlıdır.
Niyə məhz pişik?
Bir fotoaparat tapıb götürmədiyimə görə özümü qınayıram. Çəkiləsi o qədər yer var ki. Telefonla çox foto çəkmək də olmur axı. Qeyri-ciddi görünür. Ətrafa diqqətlə baxır, hər daş-divarda nə isə bir detal axtarmağa çalışıram. Lap kəşfiyyatçılar kimi. Arxadan qəfil səs eşidir və çevrilirəm. Xudmani, o qədər də təmtəraqlı olmayan “Gözəllik salonu”nun pəncərəsindən boylanan xanım mehribanlıqla haranı axtardığımı soruşur. Bir anlıq duruxuram. Doğrudan da, adama deyərlər ki, nəyi itirmisən, tapa bilmirsən. Ağlıma ilk gələn və həqiqətə daha uyğun cavabı verirəm: “Elə-belə gəzirəm”. Daha heç nə demir. Çiynini çəkir, pəncərəni bağlayır.
Tini burulan kimi yerdə oturan, yanlarında bir neçə butulka su olan, köynəklərinin yuxarıdan bir neçə düyməsi açıq ustaları görürəm. Hiss olunur ki, yerə daş düzürlər və indi işlərinə fasilə veriblər. “Yorulmayasız” deyirəm. Başlarını təsdiq mənasında tərpədir, təşəkkürlərini bildirirlər. Deyəsən, yazıqların heç danışmağa da halı qalmayıb. Danışdırmaq istəyirəm. Ancaq cəsarət etmirəm. Qayıdıb “istədik, beş dəqiqə istirahət edək, imkan ver də” deyəcəklərindən qorxuram. Yadıma rəhmətlik Mirzə Ələkbər Sabirin eyni adlı şeirindəki “Fəhlə, sən də özünü insanmı sanırsan?” misraları düşür. Çox mütəəssir oluram. Və qəti qərara gəlib, yaxınlaşıram:
-Bayaqdan gəzirəm, maşallah, yaman yaxşı düzəltmisiniz. Əliniz, qolunuz dərd görməsin.
Təşəkkür edirlər. Bir tikə çörək pulu naminə günəş, yağış bilmədən çalışırlar. Şeirin növbəti misralarını öz-özümə pıçıldayıram: “...Dövlətlilərin kəndini yeksanmı sanırsan, axmaq kişi, insanlığı asanmı sanırsan...?”. İnsanlıq haçan asan olub ki, indi-bu zəhrimara qalmış koronavirusun dünyanı sınağa çəkdiyi vaxtda da asan olsun? Amma evinə halal pul aparmaq istəyən çörəyini daşdan da çıxarar. Eyni ilə bu ustalar kimi.
Bəlkə də buranın arxitekturasının müəllifləri konkret məqamlara əsasən insanların Sabiri xatırlayacaqlarını təxmin ediblər. Ən görünən yerlərdən birinə mərhum şairimizin heykəlini qoyublar. Əlini belinə qoyub ətrafa-gedib-gələnə baxır. Görəsən, sağ olsa, indiki hadisələri, məsələn, bütün gücləri ilə koronavirusa inanmayanları, bu xəstəliyin varlığını dananları necə, hansı sözlərlə təsvir edərdi?
...Məndən təxminən 100 metr aralıda bir xeyli adam var. Çox güman, bayaqkı uşaqların haqqında danışdıqları turist qrupudur. Elə görkəmlərindən də əcnəbilərə bənzəyirlər. Yəqin, dünyanın düz vaxtında gəliblər. Bir də ki, bəzi reyslər artıq açılıb axı. Gün o gün olsun hamısı açılsın...Yaxınlaşıb onlarla da danışmaq istəyirəm. Haralı olmaqlarından asılı olmayaraq hər halda, ingilis dilini bilərlər. Yadıma bir hadisə düşür: hələ idman jurnalistikası ilə məşğul olduğum vaxtlarda bir dəfə orada uzun illər cüdo ilə məşğul olduğum idman zalına getmişdim. Zalda xeyli adam var idi. Amma məsələdən xəbərdar deyildim. Məşqçi ilə görüşəndən dərhal sonra ingilis dilini bilib-bilmədiyimi soruşmuşdu. Təsdiq cavabı vermişdim. Dəqiqləşdirmək məqsədilə sualı təkrarlamışdı:
“Danışa bilirsən, hə?”. Niyyətinin nə olduğunu bilmədən “bəli” demişdim. Əli ilə bir az aralıdakı 30-35 yaşlı idmançıya işarə edərək “Bunlar Avstriyadan gəliblər. Təlim-məşq toplanışı keçirilir. O da məşqçidir. Get, bir müsahibə al” demişdi. Sualları doğma dilində hazırlayanda belə düşünürsən. O ki qaldı ingiliscə. Nə isə, 4-5 sual verib, necə deyərlər, çulumu sudan çıxarmışdım. Ancaq sonradan öyrənmişdim ki, sən demə, zalda tərcüməçi var imiş...
Bu hadisəni xatırlaya-xatırlaya onlara yaxınlaşır və təbəssümlə deyirəm: “Welcome to Baku” (“Bakıya xoş gəlmisiniz”). Gözlədiyim kimi də olur, nəzakətlə təşəkkür edirlər.
Bir telefonumdakı elektron saata, bir də səmaya baxıram. Yox, riskə getmək olmaz. Yağış yağsa, vəziyyət pisləşəcək. Deməli, nağıllar aləmindən və ya zamanlar arasında səyahət elətdirmək gücündə olan “sehrli xalat”dan çıxmaq lazımdır. Yadınızdadırsa, “Sehrli xalat” filmində Rəşid və dostları məhz bu geyim vasitəsilə keçmişdən gələcəyə gedə bilirdilər.
Bir neçə saat əvvəl məni bura - XIX-XX əsr mühitinə gətirən isə taksi idi. İndi bu günə qayıtmaqdan ötrü yenə də eyni nömrəyə zəng vurur və sifariş edirəm.
Sabirin heykəli mənə baxır, uşaqlar top oynayır, yaşlı kişi qarpız, yemişini satır...
Mənbə: Sherg.az