Bəxtiyar Əliyev də Mehdiyevin nəvəsinin toyunda iştirak edib?

ÖLKƏ
12:50 / 27.08.2020
1391

Ötən gün Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan növbəti video yayıldı.

Daha sonra Meydan TV-nin rəhbəri Həbib Müntəzir son görüntülər əsasında Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edənlərin bir qisminin adlarını açıqladı. Həmin adların sırasında deputat Bəxtiyar Əliyevin də ismi yer alıb.

Lakin B.Əliyev bu məlumatın yalan olduğunu bildirib. Belə ki, deputatın köməkçisi tərəfindən Musavat.com-a göndərilən açıqlamada qeyd edilib ki, bu məlumat həqiqəti əks etdirmir və qərəzli olaraq yayılıb: “Kimlərinsə Bəxtiyar Əliyev haqqında uydurma məlumat yayması başa düşülən deyil və qətiyyətlə belə məlumatları təkzib edirik.

Nəzərinizə çatdırıram ki, Bəxtiyar Əliyev məlum toyun keçirilməsi ilə bağlı məlumat yayıldıqdan sonra mətbuata açıqlamasında xüsusi karantin dövründə toyun keçirilməsini Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən pandemiya ilə mübarizə məqsədilə qəbul olunan qaydalara zidd olduğunu bildirib və bu halın təəssüf doğurduğunu qeyd edib. Bəxtiyar Əliyev vurğulayıb ki, hər bir vətəndaşın, xüsusilə də deputatların, dövlət qulluqçularının vəzifəsi karantin rejiminə nəinki riayət etmək, həm də şəxsi nümunə olmaqdır.

Lakin kimlərlə hansısa məqsəd güdərək bu cür qərəzli və uydurma məlumat yayır. Bir daha diqqətinizə çatdırırıq ki, pandemiya başlayandan bu günə qədər Bəxtiyar Əliyev heç bir toy mərasimində iştirak etməyib”.

0