Ombudsmanı bağışlamaq olarmı?!

ÖLKƏ
00:01 / 28.08.2020
2678

“Yenə camaat söyməyə, içindəki aqressiyanı püskürməyə, ərinin, arvadının, qayınanasının, qonşusunun heyfini çıxmağa bir zavallı qadın tapıb”.

Bu, illər əvvəl yazdığım bir yazının ilk cümləsidir. Adətən, belə olur. Zəif, təhsilsiz, hüquqlarını müdafiə etməyə gücü çatmayan, ümumiyyətlə, hansı hüquqlara sahib olduğunu bilməyən qadınlar qorunmalı olduğu halda əzilir, qınağa tuş gəlir. Gücümüz onlara çatır çünki. Həmişə bir "günah keçisi" axtarırıq, bu da o binəva qadınlar olur. 

Təkcə o binəva qadınlar? Elə bilirsiniz ki, istər evin içində, istər cəmiyyətdə həmişə zəif, hüquqlarından bixəbər qadınlar əzilir? Bu gün ictimaiyyət arasında savadlı, ötkəmli, yüksək karyeraya sahib qadınların əksəriyyətinin mütləq belə bir hekayəsi var, qəlbinin dərinliyində bir sızıltısı, açılıb-bükülməyən yarası var. Çünki o, qadındır. Statusundan, xarakterindən, peşə və vəzifəsindən, gördüyü, görəcəyi işlərdən, faydalılığından asılı olmayaraq, qadındır. Onu bir qələmdə silməyə, ittiham etməyə hazırıq. 
Bu günlərdə yenə buna əmin oldum. Yəqin, hamınız gördünüz. Ramiz Mehdiyevin nəvəsinin toyunda qanunların pozulması, qanunları pozanların indiyə qədər dövlətə və cəmiyyətə, ayrılıqda tək-tək fərdlərə vurduğu ziyan, zərbələr qaldı bir tərəfdə, biz ombudsman Səbinə Əliyevanın yaxasından yapışdıq. Tamam, karantin qaydalarını o da pozub, amma axı hələ ki, onu ittiham edəcəyimiz başqa səbəb yoxdur. Axı o, millətə qan udduran məmur olmayıb, kasıb tələbəni divara dirəyən, gözünün yaşına baxmayan müəllim, rektor olmayıb. Hardandır ona qarşı bu qədər aqressiya? 

Hə, bu günlərdə yazmışdım, hamımız yorğunuq, bezginik. Ümumi ağrılarımız, ictimai ağrılar, siyasi oyunlar, pandemiya, onun yaratdığı sıxıntılar yorub bizi. Başa düşürəm, belə dövrlərdə biz ictimai nəqliyyatda bilmədən ayağımızı tapdalayan birini belə “öldürməyə” hazır oluruq, nəinki bizə istədiyimiz şəkildə dincəlməyə, toy-büsat etməyə icazə verilmədiyi bir vaxtda məmur ailəsi toy etsin, ombudsmanımız da orda qol qaldırıb oynasın... Amma gəlin pandemiya boyu baş verənləri yadımıza salaq. Karantin qaydalarını kimlər pozdu? Əslində, kimlər pozmadı ki? Nə yalan deyim, mən ən çox təlim-tərbiyəni, qaydalara sayğını aşılayan bir məktəb müəllimi sərt karantin dövründə uşaqları başına yığıb restoranda son zəng qonaqlığı keçirəndə üzülmüşdüm, dərin-dərin düşünmüşdüm. Axı bizim müəllimdən də gözləntilərimiz böyükdür. Amma biz onun işdən çıxarılmasını, istefa verməsini tələb etdikmi? Yox. Bu, bizim üçün üstündən ötüb keçməli olduğumuz bir statikstik məlumata çevrildi. 

Bəs indi biz Səbinə Əliyevaya niyə bu qədər qəzəbliyik? Çünki o, Milli Məclisin II çağırış, III çağırış, IV çağırış, V çağırış və nəhayət, VI çağırış deputatı olan Siyavuş Novruzovun həyat yoldaşıdır. Çünki o, bu toyda iştirakla qayda-qanunu çeynəməsinə rəğmən “Toya getmişəm, düz eləmişəm. Mən kişiyəm” dedi. İctimai fikir, rəy, bunca qəzəb onun vecinə olmadı. Görürsünüz, burda da bir deputat kişi olması ilə etdiyi səhvə haqq qazandırdı. Yəni o kişidirsə, ona olar. Onda hurrey, düşək bir qadının üstünə…
İkincisi, Səbinə xanım adi, evdar qadın və ya sadə bir müəllim, mühəndis, nəbilim telefonçu olsaydı, biz onu çox asanlıqla bağışlayardıq. Gərək ombudsmanımız burda bizi başa düşə. Biz ümumilikdə kim olmağından asılı olmayaraq, bu ölkədə vəzifə, keralo sahibi hər kəsə qəzəbliyik, acıqlıyıq. Çünki onlar zaman-zaman bizim haqqımıza çox giriblər, bizi görməzdən. eşitməzdən gəıiblər. Bizi xalq olaraq, vətəndaş olaraq heçə sayıblar. 
Amma artıq dövr o dövr deyil. İndi bu ölkədə ictimai rəy hadisələrin axarını dəyişə bilir. Fikir sahibləri səlahiyyət sahibləri tərəfindən dinlənilir. Vəzifə sahibləri iş görməyə başlayıb, hesabat verməyə başlayıb, məsuliyyət hiss etməyə başlayıb.

Ən azından biz elə Səbinə xanımın özünü də Ombudsman seçiləndən bəri bir çox hallarda görmək istədiyimiz yerdə görə bildik. Xüsusilə Tovuz döyüşlərinin qızğın vaxtında Tovuzda... Ağdam kəndinin düşmən gülləsinə tuş gələn mülki vətəndaşının evində, hər gün təhlükəli şəraitdə jurnalistlərin qarşısında, yaralı əsgərlərimizin baş ucunda gördük. Mənim ən çox o uçulub-dağılmış evdəki fotoları ilə yadımda qalıb Ombudsman xanım. Elə ona görə də ümidliyəm ki, bundan sonra da hüquqları tapdalanan şəxslərin yanında görə biləcəyik onu. Bunun üçün isə hələ ki, bioqrafiyasında başqa səhv tapa bilmədiyimiz xanımı bu fotosuna, bu canıyananlığına, bizim üçün önəmli və həssas olan məsələlərə, insanlara və hadisələrə biganə yanaşmamasına bağışlamaq istəyirəm. Çünki bu hökumətin “Mən kişiyəm!” deyən qalstukluları çoxdur, bu gün bizə qadın həssaslığı, təmkini, yanaşması lazımdır. 

Biz həmişə istər dövlət işlərində, istərsə də özəl sektorlarda işlə təminolunmada gender bərabərsizliyindən narahat olmuşuq. Ancaq son zamanlar məncə, bu istiqamətdə də stereotiplər dağıdılır, gənc, peşəkar, bacarıqlı xanımlar faydalı olmaq üçün imkanlar, statuslar əldə etməyə başlayıblar. Bu siyasət ürəkləndirir və bizi daha da qətiyyətli edir. Biz isə ən elementar məqamlardan başlayaraq, qadınların aktivliyini artıraraq müsbət dəyişiklik əldə etmək istəyirik. Buna görə mən Səbinə xanımın bu toyun badına getməyini istəmirəm. 

Düşünürəm ki, Səbinə xanımın bu susqunluğu da onun peşmanlığını ifadə edir, bu da cəmiyyətdən bir üzrdür. Xatırlatmaq istəyirəm ki, biz cəmiyyət olaraq sadəcə özümüzə və hər kəs üçün ali olmalı olan qanunlarımıza sayğı istəyirik. Bərabərlik, anlayış istəyirik. Və Səbinə xanım, Sizdən hələ ümidini üzməyən bir Azərbaycan qadını kimi inanmaq istəyirəm ki, bundan sonra yaddaşımızda daha gözəl izlər buraxacaq əməlləriniz və fotolarınız olacaq... 

Sevinc Fədai

 

1