Rəsulzadə Hitler haqda nə düşünürdü? - SSRİ dərsliklərindəki yanlış

16:16 / 18.05.2020
2090
Nəsiman Yaqublu yazır...
 
Müharibə dövründə insanların xilası üçün mücadilə edən hər kəs - mövqeyindən, milli mənsubiyyətindən asılı olmayaraq - fədakardır. Bu gün erməni əsirliyində qalan Dilqəm və Şahbazı da azad edəcək beynəlxalq qurumlara biz yalnız təşəkkürümüzü bildirəcəyik.
 
N.Paşinyanın mövqeyini ciddi şəkildə müdafiə etdiyi, SS cəza dəstələrində günahsız insanları qətlə yetirən Q.Njde ilə müharibədə şəxsi əlaqələri vasitəsilə milliyyətindən və dinindən asılı olmayaraq, türk, müsəlman və yəhudiləri azad edən böyük dövlət xadimini - mücadilə şüarını “İnsanlara hürriyyət, millətlərə istiqlal!” sözləri ilə hələ 1917-ci ildə elan etmiş M.Ə.Rəsulzadəni eyniləşdirmək olmaz. Q.Njde 1919-1920-ci illərdə dinc əhaliyə qarşı qətliamlar törədərkən M.Ə.Rəsulzadə həmin illərdə Şərqdə ilk demokratik dövləti yaradırdı. Unudulmamalıdır ki, Q.Njde müharibədən sonra həbs edilərək, kütləvi qətliamlarda iştirakına görə 25 il həbs cəzası alıb və 1955-cildə Rusiyanın Vladimir bölgəsində həbsxanada müqəssir kimi ölüb.
Njde könüllü şəkildə ABŞ-dan Almaniyaya gələrək faşistlərlə əməkdaşlıq edib. O, digərləri kimi döyüşlərdə əsir götürülməyib. Onun faşizmlə əməkdaşlığı könüllü olub və o, bu “xidməti” zamanı günahsız insanların qətliamında iştirak edib.

SSRİ dərsliklərindəki yanlış...

Təəssüf ki, keçmiş Sovetlər Birliyində yaşamış xalqların tarixi-ideoloji sahədə ciddi problemləri qalmaqdadır. Bu problem ən çox İkinci Dünya müharibəsi ilə bağlıdır.
1939-cu ildə İkinci Dünya müharibəsi başlandı. 1941-ci il iyunun 22-də Almaniya SSRİ üzərinə hücum etdi. Bu hücumla daha da geniş sərhədləri əhatə edən müharibə Sovetlər Birliyində “Böyük Vətən Müharibəsi” adı ilə təqdim olunmağa başladı. Uzun illər ərzində Sovet İttifaqında ali və orta məktəblərin tarix kitablarında müharibənin mövcud, real faktlarla təqdimatından uzaqlaşma meyilləri müşahidə edilib. Belə ki, Almaniya-SSRİ müharibəsi ilə bağlı faktlar birtərəfli qaydada oxuculara çatdırılıb. Bu, şübhəsiz ki, XX əsr tarixinin bütövlükdə təhrif olunması kimi qəbul edilməlidir.

Müharibənin başlanması Sovet dövlətinin daxilində zorla, üstüörtülü saxlanılan problemləri aşkara çıxardı. Eyni zamanda, almanların işğal etdiyi ərazilərdə Sovet rejiminin ideoloji əsaslarının güclü olmadığı da üzə çıxdı. Bu, həqiqət idi ki, Sovetlər Birliyi ayrı-ayrı xalqların azad yaşamaq hüquqlarından məhrum edilməsi nəticəsində yaranmışdı. Milli müstəqilliyin gerçəkləşməsində və azadlıq, müstəqilliyə qarşı olan kommunist rejimindən əhalidə ciddi narazılıq vardı.

Təbii, suallar da çıxır ortaya: “Bizim sovet əsgərimiz öz müstəqillik həyatını yaşayan Pribaltikada nə edirdi? Bəs nə üçün müharibə bitdikdən sonra Sovet qoşunları Avropa ölkələrini tərk etmədi?”
 
Eyni situasiya bu gün Paşinyana da aiddir: erməni işğalçı qüvvələri niyə Qarabağı işğalda saxlayır? Dinc əhalinin öz yurdlarına qayıdıb yaşamasına niyə imkan yaratmır?

1941-də 3,8 milyon “qızıl əsgər” əsir düşdü

Qayıdaq konkret mövzumuza. Almaniya dövlətinin SSRİ-yə müharibə elan etməsi çoxlarında Hitlerin bolşevik rejimini tezliklə devirəcəyi fikrini gücləndirdi. Könüllülər Almaniya hökumətini dəstəklədi, Sovetlər Birliyinə qarşı silaha sarıldılar. Qeyd etməliyik ki, keçmiş Sovetlər məkanında yaşayan əksər xalqların nümayəndələri də Almaniya ordusuna keçməyə üstünlük verirdi. Təkcə 1941-ci ildə alman əsirliyində 3,8 milyon Qırmızı ordu əsgəri, zabiti, siyasi xadimi və generalı vardı. Bütövlükdə müharibə illərində bu rəqəm 5,24 milyon göstərilirdi.
 
Könüllülərdən təşkil olunan hərbi hissələrin sayının bəzi mənbələrdə 180 olduğu yazılırdı.
Türküstan və Tatarıstandan (Tatarıstan və Krım tatarları) - 42, gürcülərdən - 11, Şimali Qafqaz xalqlarından - 12, azərbaycanlılardan - 13, ermənilərdən - 8 hissə yaradılmışdı. 1945-ci ilin 24 yanvarına olan məlumata görə, taborlardakı könüllülər milli mənsubiyyətlərinə görə belə bölünmüşdülər: latışlar - 104 min, litvalılar - 36.800, azərbaycanlılar – 36.500, gürcülər – 19.000, Şimali Qafqaz xalqları -15.000, tatarlar (Tatariya) – 12.500, Krım tatarları - 10.000, estonlar – 10.000, ermənilər – 7.000, kalmıklar – 5.000.

Rusların sayı haqqında məlumatı admiral Denikin “hökuməti” belə açıqlayırdı: “1945-ci ilin mayın 20-nə olan məlumata görə, 599-cu rus briqadasında – 13.000, 600-cü briqadada 12.000, 650-ci briqadada 18.000 könüllü vardı.

Qeyd edək ki, bu rəqəmlər yalnız döyüşdə iştirak edənlərin göstəricisidir. Almanların əsirliyində olanların sayı 4-5 milyona qədər idi.

Onu da bildirək ki, almanların irqi baxışları Qafqaz və türk-tatar mühacirlərə də mənfi təsir göstərmişdi.

Nuru Paşanın planı

Bəs türk-tatar əsirlərindən milli legionlar (legion - latın mənşəli sözdür. Hərbi birliklər, könüllü birliklər mənasındadır) yaratmaq fikrini ilk dəfə kim irəli sürmüşdü?

Tanınmış alman tədqiqatçısı P.Mühlen “Qamali xaç ilə Qızıl ulduz arasında” kitabında yazırdı ki, bu fikrin təşviqediciliyində iki türk generalının xüsusi rolu olmuşdu və 1941-ci ilin oktyabrında bu planın müsbət həyata keçirilməsində cəhdlər göstərmişdilər. Həmin generallardan biri tanınmış hərbçi Nuru Paşa, digəri isə general Ərkilət idi.

Qeyd edək ki, hələ 1941-ci ilin sentyabrında Berlinə gələn Nuru Paşa Almaniya Xarici İşlər Nazirliyi ilə əlaqələr qurub, Veyçzeker və Bermanla görüşlər keçirdi. Nuru Paşanın başlıca məqsədi həm də alman əsirliyində olan türk-müsəlmanları ölümdən xilas etmək idi. Lakin Almaniya dövləti Nuru Paşanın təkliflərini onun gözlədiyi kimi qarşılamadı. Almaniyanı Türkiyənin rəsmi dövlət mövqeyi ilə pantürkist təşkilatları arasındakı münasibətlərin fərqli olması narahat edirdi. Eyni zamanda, Nuru Paşaya Berlində pantürkist ideyalarını təbliğ etməyə, xüsusən müsəlman hərbi əsirləri arasında iş aparmağa və hərbi hissələr yaratmağa razılıq verildi. Almanlar hərbi əsirlərlə iş aparmaq məqsədilə ayrı-ayrı xalqların mühacirətdəki liderlərilə də əlaqələr qururdular. Bununla əlaqədar, almanlar hələ ötən illərdən Almaniyada fəaliyyət göstərmiş mühacir liderlərə xüsusi önəm verirdilər.

Rəsulzadənin daxil olduğu komissiya

1941-ci ilin avqustundan fəaliyyətə keçən komissiyalar düşərgələrdəki əsirlərlə görüşməyə başladı. İdil-Ural komissiyasına (buraya tatarlar, başqırdlar, çuvaşlar və fin xalqlarının nümayəndələri daxil idi) Əhməd Teymur, Türküstan komissiyasına özbək Vəli Qəyyum xan, Şimali Qafqaz komissiyasına Əli xan Qantəmir, Azərbaycan komissiyasına isə Məhəmməd Əmin Rəsulzadə daxil idi. Bundan əlavə, Gürcüstan və Ermənistan üçün də müvafiq komissiyalar vardı.

Bu komissiyaların başlıca məqsədi əsirləri ölümdən xilas etmək idi. Bunu isə almanlarla siyasi işbirliyi anlamına gətirmək qətiyyən doğru deyil.

Legionlar birbaşa alman məqamları ilə ilk dövrlərdə əməkdaşlıq etmək məcburiyyətində idi. Legionların yaradılması istiqamətində ilk çalışmalar 1941-ci ilin noyabr ayından başlandı.

Hitlerin azərbaycanlılarla bağlı əmri

1941-ci ilin dekabrında Rozenberq Hitlerə “türk” legionlarının təşkil edilməsinin vacibliyi ilə bağlı bir bəyanat vermişdi. Bu plana Hitler müsbət yanaşaraq, 1941-ci il dekabrın 22-də alman silahlı qüvvələri nəzdində türküstanlı, erməni, gürcü və müsəlman legionunun təşkili əmrini vermişdi.
Bu, sonradan “Azərbaycanlı” və “Şimali qafqazlı” legionu olmaqla iki hissəyə ayrılmış və 1942-ci ilin aprel-may aylarında Volqa tatarlarının legionu təşkil edilmişdi.

Türküstan legionu öz sıralarında Orta Asiya xalqlarını - özbəkləri, qazaxları, qırğızları, türkmənləri, qaraqalpaqları və tacikləri birləşdirirdi.

Gürcü legionu - gürcüləri, abxazları, adıgeyləri, çərkəzləri, kabardinləri, balkarları və qaraçayları, Qafqaz legionu isə - azərbaycanlıları, dağıstanlıları, inquşları və çeçenləri öz sıralarına toplamışdı.

1942-ci il avqustun 2-də Qafqaz legionu “Azərbaycan legionu” adlandırıldı və digər dağlı xalqların nümayəndələri isə “Şimali Qafqaz legionu” adı ilə Vesolda yerləşdi. Bundan əlavə, 1942-ci il avqustun 15-də yaradılan “Volqa tatarları legionu”na Povoljye tatarları, başqırdlar, marilər, mordvinlər, çuvaşlar və udmurtlar cəlb edildilər.

Qeyd edək ki, almanların müşahidələrinə görə, etibarsızlıq və sürüşkənlik baxımından birinci planda ermənilər, sonra gürcülər, ikinci planda isə Volqa tatarları ilə türküstanlılar dayanırdı. Azərbaycanlılarda və şimali-qafqazlılarda belə hallara çox az təsadüf olunurdu.

Ankaradakı sirli alman...

Hərbi əsirlərlə və mühacirlərlə yalnız Şərq Nazirliyi deyil, eyni zamanda, Xarici İşlər Nazirliyi də məşğul olurdu. 1941-ci ilin aprelindən bu sahədə fəaliyyətə başlayan Xarici İşlər Nazirliyi əslində Şərq Nazirliyinin gördüyü işləri təkrarlayırdı. İşğal ediləcək Sovetlər Birliyi üçün yetkili olan Rusiya Komitəsinin başqanlığına müşavir olaraq Georq Qrosskopf təyin edildi. O da Leybrandt və professor fon Mendenin də daxil olacaqları bir heyət təşkil etməyə çalışdı.
Qeyd edək ki, pantürkizmin atəşli bir tərəfdarı və təşviqçisi isə Ankaradakı alman səfiri Frans fon Papen idi. Fon Papenin məqsədi Türkiyədə fəal olan mühacir qruplar və məşhur pantürkistlər vasitəsilə Ankara hökumətini Almaniyanın cərgəsində hərbə cəlb etmək idi. Məhz fon Papenin təşəbbüsü ilə iki türk generalı - Ərkilət və Ərdan Nentiqlə birgə Krımı gəzmiş, türklərin yaşadığı bölgələrin gələcəkdəki idarə forması ilə tanışlıq üçün Almaniyada olmuşdular.
Almaniyanın sabiq Moskva səfiri Şulenburq da mühacirətdəki siyasətçilərdən faydalanmağı vacib sayırdı və o da səfirliyin müşaviri Nilgerlə birlikdə Rusiya Komitəsinə daxil edilmişdi. 1942-cı ilin aprelində Şulenburq Fransa, İtaliya, Balkanlar, Türkiyə və İsveçrədə yaşayan mühacirləri Berlinə dəvət etdi. Həmin ilin aprelin sonu və mayın əvvəllərində Berlinin məşhur “Adlon” mehmanxanasında bir toplantı keçirildi. Hitler Almaniyası mühacir təşkilat və qruplarla danışıqları əsasən iki nazirliyi vasitəsilə aparırdı: Xarici İşlər Nazirliyi və Şərq Nazirliyi. Xarici İşlər Nazirliyində bu işdə Şulenburq, Şərq Nazirliyində isə Rozenberq dayanırdı. Bəzi məqamlarda bu iki nazirliyin işi üst-üstə düşdüyündən ziddiyyətlər yaranırdı. Sonradan Rozenberq Hitlerə şikayət etmiş, o isə “Xariciyyə Bakanlığına” işğal altındakı Sovetlər Birliyinin məsələlərilə məşğul olmağı yasaqlayan bir təlimat vermişdi.

Şərq Nazirliyində professor fon Mendenin başçılıq etdiyi SSRİ millətləri üzrə Baş İdarə fəaliyyət göstərirdi. Bu idarənin nəzdində isə Qafqaz işləri üzrə idarə yaradılmışdı. Burada Qafqazdan olan ayrı-ayrı xalqları əhatə edən - azərbaycanlı, gürcü, erməni, Şimali Qafqaz və kalmık şöbələri vardı. Bu şöbələrin başlıca məqsədi müxtəlif sahələr üzrə gələcəkdə istifadə məqsədilə kadrlar hazırlamaqdan ibarət idi.

Alman ordusunun məxfi qərarı

Legionların yaradılması ilə bağlı ABŞ-da nəşr edilən “Üçüncü Reyxin xidmətində olan xarici imkanlar” kitabında da maraqlı məlumatlar var.

Müəllif yazır: “Hitler 1941-ci ilin noyabrında Türküstan legionunun yaradılmasına razılıq verdi. Alman ordusunun tamamilə məxfi olan 1941-ci il 3 dekabr tarixli əmri ilə daha çox müsəlman Qafqaz, gürcü və erməni legionları formalaşdırılmağa başladı”.

Lakin mühacirlərin Almaniya hökuməti təmsilçiləri ilə danışıqları heç də uğurlu getmirdi. Xüsusən şimali qafqazlı, gürcüstanlı və azərbaycanlılar öz ölkələrinin müstəqilliyini irəli sürdüyündən almanlar tərəfindən qəbul edilmirdi. Belə olduqda Azərbaycan təmsilçisi Məhəmməd Əmin Rəsulzadə və şimali qafqazlı Səid Şamil Almaniyadan çıxıb getmək məcburiyyətində qalmışdılar.

Qeyd edək ki, həmin dövrdə Almaniyada M.Ə.Rəsulzadənin başçılığı ilə Milli Azərbaycan Komitəsi də yaradılmışdı. M.Ə.Rəsulzadə bu münasibətlə yazırdı: “İkinci Cahan hərbi əsnasında Alman Xariciyyə Nazirliyindən fon Şulenburqin (sonradan Hitlerə yapılan sui-qəsd işi ilə ilgili olaraq edam edilən) dəvəti üzərinə Berlində idim. Milli Azərbaycan Komitəsi təşəkkül etmişdi; bu komitə Milli Azərbaycan davasının əsaslarını alman məqamlarına qəbul etdirmək və əsir düşənlərin xilası üçün fəaliyyətə keçmişdi”.

Almanlar Rəsulzadədən faydalanmağa çalışırdı

Milli təmsilçiliklərin mətbu fəaliyyətinə də geniş yer verilirdi. Legionlar üçün həftəlik dərgilər və düşərgə qəzetləri yayımlanırdı. Mətbu orqanlar milli dillərdə və bəzən də iki dildə, yaxud almanca paralel nüsxələr şəklində çap edilirdi. Bəzi milli təmsilçiliklər hətta ədəbiyyat sahəsində də fəaliyyət göstərirdilər.

Qeyd etdiyimiz kimi, almanlar hər vasitə ilə böyük nüfuz sahibi olan M.Ə.Rəsulzadədən faydalanmağa çalışırdı. Aparılan danışıqlar fayda vermədiyindən (çünki Rəsulzadə Azərbaycanın müstəqilliyi fikrini önə çəkirdi) o, 1942-ci il oktyabrın 7-də Buxarestə getmişdi. Eyni zamanda M.Ə.Rəsulzadə Azərbaycan legionerləri qarşısında çıxış edib öz azadlıqları uğrunda mübarizə aparan Avropa xalqlarına (polyaklar, çexlər, rumınlar və s.) qarşı silah işlətməməyə çağırmışdı. Onun bu mövqeyi də alman məqamlarında narazılıq doğurmuş və Almaniyadan qovulmasında ciddi səbəbə çevrilmişdi.

Əlavə edim ki, müharibə illərində (1939-1945) M.Ə.Rəsulzadənin daimi yaşadığı ünvan Buxarest olmuşdu. O, burada yaxın dostu, Türkiyənin Rumıniyadakı səfiri Həmdulla Sübhi Tanrıövərin himayəsində yaşayır və əsirlərin xilası üçün hərdən Almaniyaya gedirdi.
Beləliklə, M.Ə.Rəsulzadə ilə danışıqların alınmadığını və Milli Azərbaycan Komitəsində yalnız Hilal Münşinin təmsilçi olaraq Berlində qaldığını gördükdə almanlar X.Xasməmmədov qrupu ilə dialoqa başlamışdılar. Bu dialoqda azərbaycanlı “Qafqaz” qrupuna mənsub Fuad Əmircan, Abbas bəy Atamalıbəyov və Əbdürrəhman bəy Fətəlibəyli Düdənginski olmuşdu.

Rəsulzadə Hitler haqda nə düşünürdü?

M.Ə.Rəsulzadənin Hitlerə, onun ideya və baxışlarına münasibəti də mənfi olub.
M.Ə.Rəsulzadə Hitlerin “millətçiliyi”nə münasibətini hələ 30-cu illərdə yazdığı məqalələrində açıqlamışdı. O, 1933-cü ildə bir məqaləsində yazırdı: “Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürüb, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz edib”.
M.Ə.Rəsulzadənin Almaniyada nəşr edilmiş “İstiqlal” qəzetindəki “Demokrasi və Sovetlər” məqaləsində isə faşizmə münasibəti belə açıqlanırdı: “Daxildə və xaricdəki düşmənlərinin qənaətincə, hitlerizm demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş, təsisinə başladığı idarə İtaliyada olduğu kimi, faşist diktatorluğu imiş”.

M.Ə.Rəsulzadə sonrakı əsərlərində Almaniya dövlətinin İkinci Dünya hərbində yeritdiyi siyasəti tənqid edərək yazırdı:

“1942 və 1943-cü illərdə Almaniyanın Xarici İşlər Nazirliyinin dəvəti ilə digər qafqazlı siyasi emiqrantlarla birlikdə Berlinə getdiyim zaman biri mənfi, digəri müsbət iki şeyə şahid oldum. Hitler Almaniyasının mövqeyi bütün milli məsələlərdə olduğu kimi, Qafqaz məsələlərinə olan münasibətdə də mənfi idi. Berlindən milli mübarizəmizin əsaslarını tanımasını gözləmək əbəsdir. “Ali irq”in nəzəriyyəçiləri ilə Polşadakı, Ukraynadakı və işğal olunan başqa məmləkətlərdəki alman praktikləri ən kiçik ümidə belə yer vermirdilər. Üzərimizə düşən yeganə vəzifə milli haqlarımızı və istiqlal davamızı tanımayan bir hökumətlə birgə fəaliyyətin baş tutmayacağını təsdiq edərək meydandan çıxmaqdı. Elə də etdik. 1943-cü il 5 avqust tarixli bir memorandum imzalayaraq Berlini tərk etdik”.

N.Paşinyanın diqqətinə çatdırıram ki, mən bu faktları dünyanın müxtəlif ölkələrinin arxivlərindən əldə etmişəm. Və Almaniyanın Potsdam arxivində bununla bağlı kifayət qədər sənəd var.
Qeyd edirəm ki, bu mövzuda iki kitabın müəllifi olaraq (“Azərbaycan legionerləri” və “Əbdürrəhman Fətəlibəyli – Düdənginski”) çoxlu sayda faktlar və sənədlərlə də tanışam. Bu faktları isə Almaniyanın, Polşanın, Rusiya və Türkiyənin arxivlərindən əldə edib, fikirlərimi onun diqqətinə çatdırıram. Yəni bildirirəm ki, onun müdafiə etdiyi və heykəlini ucaltdığı Njdenin insanlığa və bəşəriyyətə müharibə dövründə göstərdiyi bir faydalı məqam yoxdur. Yalnız cinayətlər mövcuddur. M.Ə.Rəsulzadənin fəaliyyətinin əsasını isə özünün ifadə etdiyi bu bəşəri fikirlər təşkil edir: “İnsanlara hürriyyət, millətlərə istiqlal!”

Nəsiman Yaqublu,
tarix elmləri üzrə fəlsəfə doktoru
0