Dövlət Sosial Müdafiə Fondunda (DSMF) struktur dəyişikliklərinə başlanılıb.
Bu barədə DSMF-dən bildirilib. Məlumata görə, struktur dəyişikliyinə əsasən Fondun 5 mərkəzi filialı, Bakı üzrə 9 xidmət nümayəndəliyi, regionlarda isə 61 ərazi fialları və xidmət nümayəndəlikləri yaradılıb. Onların vəzifələri əmək pensiyalarının, müavinətlərin, təqaüdlərin, kompensasiyaların təyin edilməsi, həmin ödənişlər və təyinatlarla müraciətlərin araşdırılması, hesabatların hazırlanması, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması və bir növdən digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsaslılığının araşdırılmasıdır. Bundan əlavə, filial və xidmət nümayəndəlikləri təyinatı aparılmış, yenidən hesablanmış və növü dəyişdirilmiş işlərin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Pensiya” və “Sosial ödənişlər” altsistemlərinə daxil edilməsi, əmək pensiyaları, sosial müavinətlər,prezident təqaüdləri, kompensasiyalarla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin həyata keçirilməsini təmin edəcək.
Fonddan o da qeyd edilib ki, yeni yaradılan filiallar müvafiq bölgələr üzrə şöbələrinin hüquqi varisləridir, o şöbələrin bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyatı üzrə həmin rayon filiallarına keçib.