Bakıda məktəbliləri təhsil ocağına daşıyacaq avtobuslar ayrılmalıdır.
HİT.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov bildirib. Onun sözlərinə görə, bunun üçün artıq təkliflər də olunub:
"Bakı şəhər Təhsil İdarəsi və Təhsil Nazirliyinə bununla bağlı təkliflərimizi bildirmişik. Təkliflərimiz ondan ibarətdir ki, xüsusi rayonlar üzrə sırf şagirdləri daşıyacaq avtobuslar olmalıdır. Misal üçün Bakı Nəqliyyat Agentliyi günün müəyyən saatlarında yalnız şagirdləri daşıyacaq avtobuslar ayıra bilər.
Bir şərtlə ki, həmin avtobuslar günün sonrakı saatlarında yenidən ictimai nəqliyyat üçün xəttə çıxarılmasın, çünki orada yoluxma riski var. Məsələn, yoluxmuş şəxslər oturacaqlara, tutacaqlara əllərini vurar və nəticədə uşaqlar da xəstələnə bilər.
Mütləq şəkildə Bakı şəhərində necə ki, müntəzəm marşrutlar işləyir, o qaydada rayonlar üzrə məktəbliləri daşıyacaq avtobuslar ayrılmalıdır. Şagirdlər ənənəvi ictimai nəqliyyatla dərsə gələcəklərsə, gəlməməkləri daha yaxşıdır".