XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanovun evi ətrafında ziddiyyətli vəziyyət yaranıb.
Alim-tarixçinin yaşadığı ev Əmircan qəsəbəsində yerləşir və yarasız hala düşməkdədir. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Trend-ə açıqlamasında bildirib ki, həmin ev dövlət tərəfindən mühafizə olunan tarix-mədəniyyət abidələrinin siyahısında yer almayıb.
Qurumun rəsmisi evin bərpası barədə də söz açıb. O qeyd edib ki, qanunvericiliyə uyğun olaraq şəxsi mülkiyyətdə olan və tarix-mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına götürülən abidələr müvafiq dövlət orqanı ilə razılaşdırılmaq şərti ilə mülkiyyətçi tərəfindən təmir-bərpa olunmalıdır.