Dərslər başlayır - metro açılmalıdırmı?

ÖLKƏ
17:23 / 28.08.2020
760

Təhsil Nazirliyinin qərarına əsasən, sentyabrın 15-dən Azərbaycanın orta təhsil müəssisələrində I-IV sinif şagirdləri üçün əyani tədris bərpa olunacaq.

Dərslərin həftədə 2-3 dəfə keçirilməsi nəzərdə tutulub.

Oktyabrın 1-dən eyni şərtlərlə V-IX sinif şagirdləri, oktyabrın 15-dən isə X-XI sinif şagirdləri məktəbə gedəcəklər.

Sirr deyil ki, şagirdlərin heç də hamısı evlərinə yaxın məktəblərdə təhsil almır və dərsə getmək üçün ictimai nəqliyyatdan istifadə edir. Bu isə 2-3 həftədən sonra avtobuslarda sıxlığın nəzərəçarpacaq dərəcədə artacağından xəbər verir. Sərnişin yükünün böyük hissəsini metro çəkə bilər. Yeraltı nəqliyyat isə koronavirus pandemiyasına qarşı görülən mübarizə tədbirləri çərçivəsində bir neçə aydır ki, bağlıdır. Bəs indi metro açılmalıdırmı? 

"Metro açılmalıdır"

Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev deyir ki, paytaxtda avtobusların sayı nə qədər artırılsa da, onlar metronu əvəz etmək iqtidarında deyil: "Metro ilə gündəlik 650-670 min insan daşınır. Bu sayda sərnişinləri müntəzəm maşrut xətləri ilə daşımaq üçün xeyli sayda avtobus lazımdır. Bir metro qatarından normal halda 1 500 nəfər sərnişin istifadə edir. Eyni istiqamətdə olan qatarlar bir saatda 4 dəqiqədən bir hərəkət edir. 4 dəqiqədən bir sərnişin daşınmasını həyata keçirən bir sıxlığı avtobuslarla əvəz etsək, görərik ki, bir qatarı əvəz etmək üçün 10 avtobus lazımdır.  Pandemiyanın mövcud olduğu şəraitdə biz avtobusları tam dolu görmək istəmirik. Nəqliyyatda sosial məsafənin qorunmasını istəyirik. Hazırda daha çox sayda ictimai nəqliyyat fəaliyyət göstərməlidir. Artan sərnişin təlabatını ödəmək üçün metro  açılmalıdır. Bununla yanaşı, müvəqqəti nəzərdə tutulan exspres xətləri də fəaliyyətini davam etdirməlidir ki, nəqliyyatda sıxlıq yaranmasın, insanların sağlamlığı təmin edilə bilsin. Pandemiya tamamilə aradan qaldırılana qədər nəqliyyatda maksimum sıxlıq aradan qaldırılmalıdır. Biz istəmərik ki, ictimai nəqliyyatın salonlarında çoxlu sayda insan daşınsın. Məktəblər və universitetlərin açılması ilə nəqliyyata təlabat daha da artacaq. İndiki sistem tab gətirməyəcək. Bakı Nəqliyyat Agentliyi çalışır ki, yeni avtobuslardan maksimal istifadə etsin. Avtobusların şəhər daxilində müəyyən qədər sərnişindaşıma limiti var. Metronun da limiti var, lakin daha çox sərnişindaşıma qabiliyyəti var”.

"Qərar gözləyirik"

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə deyir ki, təmsil etdiyi qurum Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyir: "Metro fəaliyyət göstərməyə tam hazırdır. İşçiləri gündəlik işlərini görürlər ki, sərnişindaşımaya hazır vəziyyətdə olaq. Pandemiya şəraitini nəzərə almaqla işimizə davam edirik. Sadəcə sərnişin daşımırıq, qərar gözləyirik". 

0