“Dedim ki, Çingiz, o tərəfə getmə, ermənilər minamyotla vururlar” - Tağım komandiri...

ÖLKƏ
14:11 / 29.08.2020
957

Qarabağ döyüşlərində tağım komandiri olan birinci qrup Qarabağ əlili Maşalla Əliyev Milli Qəhrəman Çingiz Mustafayevlə bağlı son xatirəsini bölüşüb.

O, Moderator.az-ın əməkdaşıyla söhbəti zamanı Çingizin onun gözü qarşısında şəhid olduğunu bildirib:

“Həmin an onun qorxmazlığının, igidliyinin şahidi oldum və Çingiz gözlərimin önündə şəhid oldu. Biz Naxçıvanik kəndində dairəvi müdafiə qurduq. Amma yuxarıdan, Kətik dağından bizi vururdular. Bizim Pirqaya deyilən tərəfdə bir postumuz var idi və təxminən məsafəmiz 100-150 metr idi. Postda isə 15 hərbçimiz və BMP-miz dayanırdı. Erməni tankları Pirqaya tərəfdən çıxanda bizim BMP-miz onları vurub qarşısını alırdı. Kəndə tərəf qayıdanda gördüm Çingiz kamerası çiyinində gəlir. Əynində cins şalvar və sarı jileti və “Makarov” tapançası var idi. Biz rastlaşanda görüşüb qucaqlaşdıq. Dedim ki, Çingiz, o tərəfə getmə, orda bir az gərginlikdi, ermənilər minamyotla vururlar. Dedi ki, “on beş dəqiqə çəkiliş qalıb və elə istəyirəm ki, o gərginliyi çəkəm”. Dedim onda sən get, mən də indi bizim qərargahımız var, orda bir çay hazırlayarıq və gələrsən səni yola salarıq. Dedim ki, qıraqla get ki, snayper səni vurmasın, çünki snayperlər də atırdılar. Dedim ki, səni gözləyirəm, tez get-gəl.

Kefimiz də yaxşı idi, Naxçıvaniki tutmuşduq, dünyanın ən xoşbəxti idik. Nəinki Xocalını, vurub Şuşanı da alıb keçərdik. Yəni bizim Azərbaycan əsgərinin döyüş ruhu həmişə yüksək olub və indi də var. Bir az vaxt keçdikdən sonra gördüm ki, BMP-nin səsi gəldi və mənə dedilər ki, Çingizi gətiriblər, ermənilər onu vurublar. Mən də qaçaraq bayıra çıxdım və gördüm ki, BMP-də uzanıb, kamerayla çəkmək üçün sağ dirsəyin yerə qoyanda bronjileti bir az yuxarı qalxıb və onu mənim fikrimcə, sağ tərəfdən böyründən vurublar. Çünki sağ böyrəyi tərəfindən əl boyda qəlpə yarası var idi. Elə inildəyirdi, qucağımıza götürüb ambulansa qoyduq və alnından öpdüm, dedim aparın. Amma yolda Çingiz dünyasını dəyişmişdi. Çingiz doğrudan da çoxlarından, bir sözlə, hamımızdan üstün insan idi. Allah ona rəhmət eləsin”.

0
Moderator.az