Kamran Əliyev “Avanqard” şirkətinin direktoru ilə bağlı cinayət işi başlatdı

ÖLKƏ
12:49 / 31.08.2020
1172

Xəbər verildiyi kimi, vətəndaşların müraciətlərinin operativ həlli, aşkarlıq və müraciətlərə baxılması zamanı çevikliyin təmin olunması məqsədilə Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) keçirilir.

Bu barədə HİT.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Sessiya zamanı daxil olmuş müraciətlər zəruri tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən dərhal Baş Prokurorluğun rəhbərliyinə, o cümlədən əlaqədar idarə və şöbələrə təqdim olunur.

Avqustun 28-də keçirilmiş növbəti sessiya zamanı “Avanqard” turizm şirkətinin direktoru Yeganə Nağıyevanın vətəndaşları aldadaraq xarici ölkələrə turlar təşkil etmək adı altında müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olmuşdur. 

Həmin müraciətlər Baş prokuror tərəfindən nəzarətə götürülməklə “Avanqard” turizm şirkətinin direktoru Yeganə Nağıyevanın qanunsuz hərəkətləri barədə daxil olmuş ərizələr əsasında Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılmış araşdırma nəticəsində toplanmış material əsasında 31 avqust 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.   

Cinayət işi üzrə istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılmışdır. 

Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri aparılır, qanun pozuntularına yol vermiş və cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

0