Dərbənddə azərbaycanlı generala xatirə lövhəsi qoyuldu

ÖLKƏ
22:14 / 31.08.2020
1016

Dərbənddə general Mustafa Nəsirovun xatirə lövhəsinin açılışı olub.

Jurnalist Telman Tahirlinin Lent.az -a verdiyi məlumata görə, xatirə lövhəsi general Mustafa Nəsirovun adını daşıyan küçədə qoyulub. Tədbirdə Dərbənd şəhər Administrasiyası rəhbərinin müavini Vidadi Zeynalov, Dərbənd rayonu İctimai Palatasının sədri Fətulla Fətullayev, Dərbənd, Daqestanskiye Oqni, Dərbənd rayonu üzrə hərbi komissarı Adil Quliyev, generalın qardaşı oğlu Cəfər Nəsirov, “Dərbənd şəhəri Ensiklopediyası” kitabının müəllifi Hüseynbala Hüseynov və başqaları çıxış edərək generalın keçdiyi şərəfli yoldan danışıblar.

Dərbənd şəhər məclisinin deputatları Nəriman Musayev, Polad Nəmətullayev, Vidadi Əsədov, Heydər Ələkbərov, Dağıstan Respublikası Xalq Məclisi deputatının köməkçisi, Dərbənd Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli, Dərbənd şəhər deputatlar məclisi sədrinin köməkçisi Əsədulla Paşayev, “İrs” ictimai təşkilatının sədri Seyid Ağalar Seyidov, ictimai xadim Kamran Məcidov, Dərbənd Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti gənclər şurasının sədri Münəvvər Hüseynova tədbirdə iştirak ediblər.

Mustafa Nəsirov 1921-ci il oktyabrın 25-də Dərbənddə anadan olub. Orduda xidmətə 1942-ci ilin yanvarında əsgər kimi başlayıb, 45 il orduda xidmət edib və general-mayor rütbəsinə təqaüdə çıxıb.

1972-ci ilin dekabrında Nəsirov SSRİ DTK-nın Qırmızı bayraqlı Zaqafqaziya Sərhəd Dairəsi qoşunlarının rəis müavini təyin edilib və 1974-cü ildə general-mayor rütbəsi alıb.

Nəsirov SSRİ DTK-nın sərhəd qoşunlarında bu qədər məsul post tutan ilk və yeganə azərbaycanlı olub. O, Azərbaycanın ali qanunverici orqanına dəfələrlə deputat seçilib.

General-mayor Nəsirov müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının yaradılmasında mühüm rol oynayıb.

Mustafa Nəsirov 91 yaşında vəfat edib. O, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

0