Azərbaycanda rüşvət aldığı üçün vəzifəsindən çıxarıldığı bildirilən baş həkim müavini məhkəməyə müraciət edib.
HİT.Az-ın verdiyi xəbərə görə, ötən ilin sonunda Qarabağ müharibəsi veteranı Qaraoğlan Kərimovdan 3600 manat alaraq ona Qarabağ müharibəsi əlili statusunu almaqda kömək edəcəyi haqda məlumatlar yayılan və buna görə Səhiyyə Nazirliyinin qərarı ilə vəzifəsindən çıxarılan Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Mətanət Hüseynzadənin müraciəti işə bərpa olunması ilə bağlı olub.
2019-cu il dekabrın 26-da Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən M.Hüseynzadə tutduğu vəzifədən azad edilib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
2020-ci ilin yanvar ayında xəstəxanalar TƏBİB-in ("Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxsi) balansına keçib. Buna görə M.Hüseynzadə işə bərpa olunması və əmək haqqının ödənilməsi üçün Bakının Nəsimi rayon məhkəməsinə müraciət edib.
Bu gün bu proseslə bağlı növbəti məhkəmə iclası keçirilməsi nəzərdə tutulub.