Paytaxtın Elçin İsaqzadə küçəsində yüksək gərginlikli elektrik xətləri nəinki evlərə yaxındır, həyətlərin içindədir; bu şərait əsəb, ürək, qan-damar problemləri yaradır - bir toxunuşla insan külə dönər...
Bakıda ölümlə hər gün üz-üzə, iç-içə olan yaşayış massivləri var. Bu yerlərdə yüzlərlə ailə sanki “kamikadze” kimi həyat sürür. Onlar göz görə-görə özlərini təhlükəyə, uşaqlarını risqə ataraq yaşamağa davam etməyə məcburdurlar...
Bəlkə də Tanrının nəzəri, ya da möcüzənin nəticəsidir ki, həmin ailələr ölümün çənginə düşməyiblər. Amma hər an bu təhlükə, qorxulu vəziyyət hökm sürür.
Söhbət paytaxtın Nərimanov rayonu, Elçin İsaqzadə küçəsi, metronun “Ulduz” stansiyası yaxınlığındakı evlərdən gedir. Bu massivdə tikilən həyət evləri yüksək gərginlikli elektrik xətlərinin altında yerləşir.
Əslində şəhərdə həyət evləri mövcuddur. Və dəfələrlə sözügedən təhlükə mediada ictimailəşdirilib.
Di gəl, nə həmin yüksək gərginlikli elektrik xətlərinin yeri dəyişdirilib, nə də qabaqlayıcı hansısa tədbirlər görülüb.
Bir müddət əvvəl həmin sənədsiz tikililərin köçürülməsi nəzərdə tutulurdu. Hətta böyük bir plan da ortadaydı. Amma dəyişən heç nə yoxdur.
Fotolardan da görünür ki, bu yüksək gərginlikli elektrik xətləri nəinki evlərə yaxındır, həyətlərin içindədir. E.İsaqzadə küçəsinin sakinləri bu təhlükənin içində illərdir yaşamaqdadırlar.
İndi özünüz təsəvvür edin ki, söhbət hansı təhlükəli şəraitdən gedir. Həmin dəmir konstruksiyalı dirəklərə bir toxunuşla bəlkə də insan külə dönə bilər. Üstəlik, nəmişlik, radiasiya...
Hələ bir neçə il əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov xəbərdarlıq etmişdi ki, yüksək gərginlikli elektrik xətləri ətrafa elektromaqnit dalğaları buraxdığı üçün onların yaxınlığında yaşayış məntəqələrinin salınması düzgün hesab edilmir.
Amma insanlar hansısa vasitələrlə razılıq alaraq sözügedən ərazilərdə özlərini təhlükəyə atıb evlər tikiblər.
Bu dalğaların təsiri nəticəsində insanlarda ilk növbədə əsəb sistemi pozulur ki, bu da sonradan bir çox xəstəliklərin baş verməsinə şərait yaradır.
Sovet vaxtı yüksək gərginlikli kabellərin ətrafında 100 metrlik sanitar müdafiə zonası var idi. Azərbaycanın da o dövrdən qalma normativ sənədlərində bu məsələ qüvvədə qalsa da, ona indi riayət edilmir.
Elektromaqnit dalğalarının təsirini uşaq və gənclər ilkin mərhələdə hiss etməyə bilərlər. Bu dalğaların mənfi təsirləri ilə yaşı 40-45-dən yuxarı olan insanlar daha çox üzləşirlər.
Telman Zeynalov: “Dənizdə baş verən zəlzələlər də sürüşmənin səbəbi ola bilər”
Ekoloq Telman Zeynalov da bu məsələ haqda demişdi ki, elektromaqnit çirklənmə insanların qan-damar sistemində, ürəyində, psixologiyasında ciddi problemlər əmələ gətirir.
Onun fikrincə, həmin ərazidə yaşayan uşaqların gələcəkdə xəstə və üçüncü, dördüncü nəsildən sonra sonsuz olmaq təhlükəsi var.
Eyni zamanda beynəlxalq standartlar və normalar da belə ərazilərdə yaşayış məntəqələrinin salınmasına icazə vermir.
Amma bir sıra səlahiyyətli şəxslər vaxtilə öz maraqlarını üstün tutaraq həmin ərazilərdə evlərin tikilməsinə imkan veriblər. Nəticədə yüksək gərginlikli xətlərin altında minlərlə evlər tikilib.
Nazirlər Kabinetinin də qərarı var ki, yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında yaşayış evləri tikilməsi yolverilməzdir.
Amma gördüyünüz kimi, E.İsaqzadə küçəsi belə məhəllələrdən biridir. Əlbəttə, bu şərait sakinlərin də ürəyincə deyil. Sadəcə, alternativ təklif olunmayıb.
Sakinlər deyirlər ki, vaxtilə min bir əziyyətlə, kasıblıqla ev-eşik sahibi olublar. Həmin vaxt heç bir mülkiyyətçinin ağlından keçməyib ki, belə yerdə ev tikməyin təhlükəsi var, əsas kirayədə, bayırda qalmasınlar.
Bu təhlükə isə mövcuddur və məhəllədəki mənzərəni görəndə heyrətlənməmək olmur. Həmin xətlər az qala qəsəbəni mühasirəyə alıb.
Ümumiyyətlə, yüksək gərginlikli elektrik xətlərinin yaxınlığındakı ərazilərdə, magistral yolların və dəmir yolu xətlərinin, neft borularının yaxınlığında yaşayış evlərinin tikilməsinə yol verilməməlidir.
Bir neçə il qabaq “Azərbaycan Dəmir Yolları” QSC, “Azərsu” ASC, “Azərişıq” ASC tərəfindən mühafizə zolağına düşən evlərin siyahısı hazırlanıb. Hər qurumun hazırladığı siyahıda 2000-dən artıq obyekt qeydə alınıb.
Sözügedən tikililərin sökülməsi nəzərdə tutulsa da, sonradan proses dayandı. Ancaq bu cür yaşayış evlərinin sayı həddindən çoxdur.
Təkcə Abşeron rayonu ərazisində yüzlərlə belə tikili var. Ona görə problemin həllinə böyük zaman lazımdır.
Yeri gəlmişkən, deputat Vüqar Bayramov bildirmişdi ki, sənədləşmədə ən böyük çətinlik məhz təhlükəli zonalarda yerləşən evlərlə bağlıdır.
Onun sözlərinə görə, evlər yüksək gərginlikli elektrik xətlərinin altında yerləşirsə və elektrik xəttini yeraltı etmək mümkündürsə, o zaman burda sənədləşmə ilə bağlı heç bir problem yaranmır.
Qanunvericiliyə görə, yüksək gərginlikli elektrik xətlərinin ən azı 250 metrliyində yaşayış məskəni salmaq olar.
Lakin elektrik xətlərinin altında bağ salmaq, çoxillik ağaclar əkmək qadağan edilsə də, azillik (ot, bostan, tərəvəz və s.) əkməyə icazə verilir.
(musavat.com)
pia.az