Avropa sərt karantinə dönür – ikinci dalğa gəlir?

ÖLKƏ
20:52 / 01.09.2020
776

Bir aya yaxındır ki, Avropada, eləcə də qonşu Türkiyədə koronavirusa yoluxanların və bu virusdan dünyasını dəyişənlərin sayı sürətlə artmağa başlayıb. Ekspertlər bildirir ki, bunun səbəbi karantin qaydalarının yumşalması, bir çox məhdudiyyətlərin aradan qaldırılması, turizm mövsümünün açılması ilə bağlıdır.

Bu səbəbdən Avropanın bəzi ölkələrində yenidən karantin rejimi sərtləşdirilir.

Məsələn, Litvada tibbi maska ilə bağlı qanun yenidən qüvvəyə minib. Səhiyyə naziri Aureliyus Veriqa bildirib ki, bütün qapalı, həm də açıq məkanlarda keçirilən tədbirlərdə maskadan istifadə məcburidir. Bununla yanaşı, 1 metrdən az olmayaraq, ara məsafəsi saxlamaq tələbi də qüvvədə qalır.

Sentyabrın 1-dən Avropanın koronavirusla mübarizədə ən yaxşı nəticə göstərən ölkəsi hesab edilən Çexiyada da yenidən məcburi maska taxmaq qaydası tətbiq olunur.

Eləcə də Fransada son günlərdə virusa yoluxma sayında xeyli yüksəliş olduğu üçün bu ölkədə də karantin qaydalarına dönüş başlayıb. Qeyd edək ki, Fransada küçələrdə və ya mağazalarda maskadan istifadə etməyənlər 135 avro cərimə olunur.

Amma maraqlıdır ki, yoluxmaların artması üzündən məhdudiyyətlərin yenidən qayıtması Avropanın böyük ölkələrində etiraz dalğasına səbəb olub. Məsələn, ötən həftə sonu Almaniyanın paytaxtı Berlində böyük etiraz yürüşü keçirilib. Berlin polisi məhdudiyyətlərə etiraz olaraq keçirilən icazəsiz yürüşü dağıdıb. Bildirilib ki, yürüş iştirakçıları karantin rejiminin qaydalarını kobud şəkildə pozub: “Təəssüf ki, başqa seçimimiz yoxdur. İnsanlar təhlükəsizlik şərtlərinə əməl etmədiklərinə görə bu addımı atmaq məcburiyyətində qaldıq”.

Polisin müdaxiləsi zamanı 300-dən çox etirazçı saxlanılıb. Ümumilikdə aksiyaya 38 min nəfərin qatıldığı bildirilib. Asayişin bərpasına 3 mindən çox polis əməkdaşı cəlb edilib.

Bir neçə gün əvvəl isə bu cür analoji etiraz aksiyası Böyük Britaniyanın paytaxtı Londonda keçirildi. Koronavirusu inkar edən minlərlə etirazçı Londonun Trafalqar meydanına karantin və peyvənd proqramlarına etiraz olaraq toplaşıblar. Etirazçılar hökuməti yalanlara son qoymağa və bütün azadlıqların bərpasına çağırıblar.

Fransada isə tətbiq olunan maskaların məcburi taxılmasına qarşı Parisdə və ölkənin digər böyük şəhərlərində, xüsusən Nant, Kan və Renndə mitinqlər keçirilib. İzdihamda tələbələr, pensiyaçılar, müəssisə işçiləri, eləcə də “sarı jiletlilər”in bir neçə nümayəndəsi iştirak edib.

Yoluxmaların artması səbəbindən qaydaların sərtləşməsinə etirazlar birmənalı qarşılanmır. Amma fakt ondan ibarətdir ki, yoluxmalar sürətlə artır. Beləliklə, əsas sual odur ki, Avropada koronavirus geri dönməyə başlayıb? Bunu ikinci dalğa hesab etmək olarmı?

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb. “Ümumiyyətlə, o yerdə ki, proses yekunlaşıb, amma yenidən belə bir dalğa baş qaldırıb, bunu ikinci dalğa kimi dəyərləndirmək olar” - deyə, o qeyd edib: “Lakin proses tam bitməyən Azərbaycan və digər ölkələrdə yoluxmaların artması baş versə, ona reinfeksiya demək olar, yəni ikinci dalğa adlandırmaq düzgün olmaz. Çünki burada proses heç bitməmişdi. İstənilən halda virusun getdikcə zəifləməsi görünür. Hətta ikinci dalğa olsa belə, birinci dalğadakı kimi ağır nəticələr olmayacaq. Ona görə də hesab edirəm ki, bu, son dalğa olacaq”.

Adil Qeybulla: “Bu, son dalğa olacaq”

Maraqlıdır ki, Azərbaycanda hazırda Avropa ölkələri ilə müqayisədə daha sərt karantin rejimi mövcuddur. Ölkədə karantin rejimi 2020-ci il 30 sentyabra qədər uzadılıb. Amma virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılıb. Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək.

Deputat Fazil Mustafa “Yeni Müsavat”a danışarkən dedi ki, hər ölkənin öz sistemi, səhiyyəsinin bu yükü qaldırmaq potensialı var: “Ölkələr buna uyğun qərarlar verirlər. Bir müddət bundan əvvəl qonşu Türkiyədə, Avropa ölkələrində müəyyən qaydalar yumşaldılmışdı. Sanki bu məsələ ilə bağlı bir yekunlaşma halı müşahidə edilirdi. Lakin yenidən karantin qaydalarına qayıdış onu göstərir ki, vəziyyət getdikcə ciddiləşməyə doğru gedəcək. Düşünürəm ki, bir azdan bu vəziyyətin bizə də öz təsiri olacaq. Ona görə də hədsiz yumşalma etməklə ciddi problemlər yaşaya bilərik”.

Millət vəkili qeyd edib ki, bəzi müəssisə və obyektlərin hələ də bağlı qalması iqtisadi sıxıntılar yaradır:

“Amma elə şeylər var ki, onları tənzimləmək mütləq vacibdir, xüsusən də insanların gəlir sahəsini təmin edən müəyyən müəssisələrin, obyektlərin həddən artıq çox qapalı qalması iqtisadi sıxıntılar yaradır. Molların, iri ticarət mərkəzlərinin fəaliyyət göstərməməsi narahatlıq yaradır. Çünki bu yerlərdə çalışan yüzlərlə insan çörək pulundan məhrum olublar.

Fazil Mustafa: “Avropadakı koronavirusla bağlı vəziyyət bizə də təsir göstərəcək”

Ona görə də düşünürəm ki, ölkəmizdə daha çox nəqliyyat sahəsini düşünmək lazımdır. Çünki obyektlər açıldıqca nəqliyyatdan istifadə artır və beləliklə, virusa yoluxma riski də artır. Doğrudur, həftənin şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmir, lakin insanlar şəxsi avtomobilindən istifadə etməklə və qaydalara riayət edərək, maska taxmaqla iri ticarət mərkəzlərinə daxil ola bilərlər.

Təkrar daha sərt karantinə rast gəlməmək üçün indidən hədsiz yumşalmaya getməməliyik, bu, müəyyən fəsadlara gətirib çıxarda bilər".

Fazil Mustafa qeyd edib ki, bütün hallarda əhalinin sosial vəziyyəti nəzərə alınmalıdır:

“Yəni əgər karantinin sərtləşdirilməsi vətəndaşın hədsiz dərəcədə yoxsullaşmasına gətirib çıxarırsa, biz buna yol verməməliyik. Elə etməliyik ki, müəllim, həkim, ticarətçi, eləcə də məmur və digərləri bu proseslərdən çörək dərdi çəkəcək səviyyəyə gəlib çıxmasın. Sosial müdafiə institutlarını bir daha ciddi şəkildə silkələməli, hərəkətə gətirməliyik ki, hədsiz lümpelləşmə baş verməsin. Bu, cəmiyyətdə daha böyük təhlükələr yarada bilər.

Düşünürəm ki, təhsildən tutmuş digər sahələrə qədər, hamısı nəzarət qaydaları əsasında açılmalıdır. Yəni qaydalara yumşalma gətirilməlidir, amma nəzarət olunan formada. Çünki insanlar özbaşına buna əməl etmək istəməyəcəklər.

Məsələn, qapalı məkanlarda olan kafe-restoranların fəaliyyətinin hələ də bərpa olunmaması, yalnız açıq havada olanlara icazə verilməsi yanlışdır. Elə yerlər var ki, ərazisi böyükdür və orada sosial məsafə gözləmək imkanı var. Onların hələ də bağlı qalması iaşə sektorunun çökməsinə gətirib çıxara bilər. Məncə, təcili surətdə bu məkanların da fəaliyyətinə icazə verilməlidir. Çünki getdikcə havalar soyuyur, küləyin sürəti artır, bütün bunlar da açıq məkanlarda olan iaşə obyektlərinin fəaliyyətinə mane olur".

0