Həbsdəki icra başçılarından vəkillərə XÜSUSİ TAPŞIRIQ

ÖLKƏ
10:14 / 02.09.2020
1583

Hazırda həbsdə olan məmurların vəkillərindən əsas bir tələbi var. Bu tələb mətbuata açıqlama verilməməsi, mümkün olduğu qədər də cinayət işi ilə bağlı bütün gedişatı gizli saxlamaqdır.

HİT.Az musavat.com-a istinadən xəbər verir ki, rüşvət və korrupsiyaya görə həbs edilən, ofislərindən, evlərindən külli miqdarda nağd pul çıxan icra başçıları, nazir müavinləri istəyirlər ki, öz işlərini “sakitcə” həll etsinlər. Başa düşürlər ki, onların əməlləri və törətdikləri cinayətin təfərrüatları tam olaraq ictimailəşsə, daha böyük ictimai qınaqla üzləşəcəklər. Bu da onların cəzasının yüngülləşməsinə, daha aşağı həddə cəza almasına mane ola bilər.

Bu cinayət işləri üzrə cəmiyyət üçün maraqlı olan məqamlardan biri də həbs edilən şəxslərin hansı vəkillər tərəfindən müdafiə olunmasıdır.

2019-cu ilin sonundan Ağstafanın icra başçısının həbsi ilə başlayan “məmur əməliyyatları” çərçivəsində həbs edilənləri müdafiə edən vəkillər arasında xeyli tanınmış isimlər var.

Son olaraq ən səs-küylü həbs olaraq dəyərləndirilən sabiq prokuror, sabiq səfir Eldar Həsənovun vəkilinin Adil İsmayılov olduğu məlumdur.  Adil İsmayılov mətbuata açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxs mediaya geniş açıqlama verilməsini istəmir. Adil İsmayılov öz feysbuk səhifəsində işin gedişatı ilə bağlı məlumat paylaşmağa çalışır.

Hazırda həbsdə olan sabiq 6 icra başçısı var.

Onlar Ağstafanın başçısı olmuş Nizaməddin Quliyev, Yevlağın başçısı Qoca Səmədov, Neftçalanın başçısı İsmayıl Vəliyev, Biləsuvarın başçısı Mahir Quliyev, İmişlinin başçısı Vilyam Hacıyev və Kürdəmirin başçısı Ceyhun Cəfərovdur.

Sabiq başçılardan əlavə mədəniyyət nazirinin müavini və nazirliyin digər vəzifəli şəxsləri, Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri də “məmur əməliyyatları” zamanı həbs ediliblər.

Sabiq başçıları və digər məmurları müdafiə edən vəkillər arasında bir çox qalmaqallı və səs-küylü proseslərdən tanınan vəkillər- Kamandar Nəsibov, Adəm Məmmədov, Ceyhun Yusifov, Bəylər Məmişov da var.

Həbsdəki sabiq icra başçılarının məhkəməsi nə vaxt olacaq?

Məmurlardan başqa həbsdə olan digər tanınmış şəxslərin müdafiəçiləri də oxucular üçün maraqlıdır.

Hazırda həbsdə olan sabiq müdafiə naziri Rəhim Qazıyevin hüquqlarını vəkil Zibeydə Sadıqova qoruyur.

Qeyd edək ki, Rəhim Qazıyev iyulun 13-də Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb və məhkəmə qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda həbsə olan və məhkəməsi tez-tez sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən tanınmışlardan biri də Tofiq Yaqubludur. Müsavat Partiyasının keçmiş başqan müavini Tofiq Yaqublunun hüquqlarını 3 tanınmış vəkil qoruyur. Onlar Aqil Layıcov, Elçin Sadıqov və Nemət Kərimlidir. Tofiq Yaqublu xuliqanlıqda ittiham edilir. Rəsmi məlumatda yazılır ki, Tofiq Yaqublu Elxan Cəbrayılov adlı şəxsin maşınını vurub, sonra da onu döyüb. Tofiq Yaqublu ittihamları qəbul etmir.

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbsdə olan və sonradan ev dustaqlığına buraxılan oğlu, futbol məşqçisi Mehdi İbrahimovun vəkili də Aqil Layıcovdur.

Mehdi Qarabağa dəstək yürüşündə iştiraka görə saxlanılıb. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham irəli sürülüb.

1