"Düşünürəm ki, direktor təhlükəli bir cinayət törətməyib”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov avtobus sürücüsü işlədiyi ilə bağlı sosial şəbəkələrdə foto paylaşan Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayev barəsində başlanılan cinayət işindən danışarkən deyib.
Ekspert bildirib ki, müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir:
"Müəllim peşə nifuzunu möhkəmləndirməyə, adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Təhsil sistemində çalışan şəxs, xüsusi ilə direktor və müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsil alanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Saatlı rayonundan olan direktorun sosial şəbəkədə paylaşdığı şəkilə görə isə ona töhmət vermək və ardınca cinayət işi açmaq absurdur. Müəllim təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir. Deməli, davranışlarında da buna riayət etməlidir. Lakin sosial şəbəkələrdə paylaşılan bir şəkilin ciddi təhlükə törətdiyini düşünmürəm. Bir məqamı da qeyd edim ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işə götürən ona töhmət verə və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət verə bilər. Amma bu direktor vəzifə zamanı hər hansı bir pozuntuya yol verməyib. O, yalnız müəllimin etik davranış qaydlarını pozub ki, onun üçün də digər intizam tədbiri görülə bilərdir”.
Kamran Əsədov hesab edir ki, müəllimə, təhsil işçisinə qarşı belə davranmaq olmaz:
"Bu müəllimin, təhsilin nüfuzdan düşməsinə gətirib çıxarır. Təhsil naziri Emin Əmrullayev son çıxışında müəllimlərin müasir İKT-dən istifadə etməsini, sosial şəbəkələrdən istifadəsini müsbət amil hesab edib. Amma 2 gün sonra bunu edən müəllimə töhmət verilməsi anlaşın deyil. Düşünürəm ki, direktor təhlükəli bir cinayət törətməyib. Maraqlı bir foto paylaşıb”.
Qeyd edək ki, avtobus sürücüsü işlədiyi ilə bağlı sosial şəbəkələrdə foto paylaşan Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayev barəsində cinayət işi başlanılıb. Ona 23 yanvar 2019-cu il tarixdə Saatlı rayon Prokurorluğunun təqdimatı əsasında maliyyə müfəttişlərinin məktəbdə apardığı təftiş yoxlaması nəticəsində toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb. Prokurorluğun təqdimatı ilə Təhsil Nazirliyi E.Rzayevi məktəb direktoru vəzifəsindən azad edib və müəllimlik fəaliyyətinə xitam verib.