Bu gün Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə hökm oxunub.
Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə Tofiq Yaqublu azadlıqdan məhrum edilib.
Belə ki, T.Yaqubluya 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Xatırladaq ki, ötən məhkəmə prosesində prokuror T.Yaqublunun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, 2020-ci il martın 22-də Yaqublu Tofiq Rəşid oğlu idarə etdiyi, özünə məxsus “Toyota Corolla” markalı, 90-CU-515 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 61 saylı ünvanda yolun sağ kənarında dayanmış vəziyyətdən sola yerdəyişmə edib hərəkətə başlayarkən manevr etmə qaydalarını pozaraq eyni istiqamətdə hərəkət edən Cəbrayılov Elxan Səttar oğlunun etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı 90-HA-028 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
İddia olunub ki, hadisə zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
T.Yaqublu isə ittihamları qəbul etmədiyini bildirib.