Xəbər verdiyimiz kimi, ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə dərslər oktyabrın 1-dən başlayacaq. Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə isə artıq başlanılıb.
Bununla bağlı saytımıza müraciət edən bəzi valideynlər iddia ediblər ki, məktəbəhazırlıq qruplarına qəbul üçün məktəb tərəfindən onlardan aylıq olaraq ödəniş (40 manat) tələb edilir.
Təhsil Nazirliyindən Lent.az -ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu proqram təminatından kənar aparıla bilməz:
“Uşaqların qəbulu və təhsili ödənişsizdir. Belə hallar baş verərsə valideynlər və ya uşağın qanuni nümayəndəsi Təhsil Nazirliyinin 146 qaynar xəttinə telefonla və office.edu.az elektron poçt ünvanına yazılı müraciət edə bilər”.
Xatırladaq ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına yalnız 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.