Bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun diktəsiylə verilən mənzillərlə bağlı yeni məlumatlar əldə etmişik.
HİT.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Q.Məmmədov Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən icra hakimiyyətinin işçisi Nurlan Həsənovla sövdələşməyə gedərək saxtakarlıq yolu ilə ona aid olan mənzilin sahəsini sənədlərdə 480 kv metr kimi rəsmiləşdirib.
Belə ki, 2011-ci ildə Gilan MMC-yə məxsus olan AzərTrans MMC həmin ərazidən tikinti məqsədilə sakinləri köçürməyə başlayıb. Q.Məmmədov isə saxta yolla 480 kv metr yazdırdığı ərazi müqabilində əmlakın verilməsi ilə razılaşmayıb. Onunla bu məsələdə sövdələşməni Nərimanov rayon İcra başçısının müavini Şahmar İbadov və FHN-in Tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin idarə rəisinin müavini İbrahim Hüseynov aparıblar.
Daha sonra Əli Həsənov Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevə əmr verib ki, sözügedən məsələni həll etsin. Abdin Fərzəliyev isə tərəddüd edərək məsələni uzatmağa çalışıb. Sonra işə Ramiz Mehdiyev qarışıb. O, icra başçısına zəng edib və üstünə qışqıraraq Q.Məmmədovun məsələsini dərhal həll etməyi tapşırıb.
Yeri gəlmişkən, Əli Həsənovla Abdin Fərzəliyevin yaxınlığı sirr deyil. Dəfələrlə müəmmalı və gizli şəkildə Rusiyaya birgə səfər ediblər. Keçən ilin may ayında həm Həştərxana, həm də Moskvaya qeyri-rəsmi məxfi səfər ediblər. Qeyd olunur ki, orada gizlin danışıqlar aparıblar. Alkaponi adlı və kriminal keçmişi olan bir adamı qanunsuz olaraq Rusiyanın müvafiq orqanları ilə sövdələşməyə girərək Rusiyada Azərbaycan diasporunun rəhbəri elan edilməsini razılaşdırıblar.
Beləliklə, Əli Həsənov və Ramiz Mehdiyev tərəfindən gedən tapşırıqlar əsasında Nərimanov rayonu M.Nağıyev küçəsi 19/27-ci məhəllə 2a saylı ünvanda inşa edilən binada 3 mənzil Qurban Məmmədova verilib. Bu mənzillərin ümumi sahəsi 306.5 kv metr, qeyri-yaşayış sahəsi isə 909 kv metrdir. 80 kvadrat metr qaraj verilib. Ümumilikdə, Qurban Məmmədov saxta yolla 130 kvadratdan 480 kvadrat yazdırdığı sahə müqabilində Atlant İnşaatın tikdiyi yeni binada 1295.5 kvadrat metr ərazi əldə edib.
Bu sahəyə görə Q.Məmmədovun 1.324.500 manat pul ödədiyi deyilsə də, faktiki olaraq bu pul ödənilməyib. Bu əməliyyat tam şəkildə qanunsuzdur.
Bu məqamda Qurban Məmmədov və onun ailəsinin mülklərinin siyahısını təqdim edirik:
1. M.Nağıyev küçəsi 4A ünvanında 190 kv metr qeyri yaşayış sahəsi. Onun öz adınadır.
2. Həmin küçədə 4/6 ünvanda 184 kvadrat metr qeyri-yaşayış sahəsi. Onun öz adınadır. Wellmax şirkətinə kirayə verib.
3. Həmin ünvanda 193 kvadrat metr sahəsi olan mənzil onun arvadı Mehbarə Məmmədovanın adınadır.
4. Həmin ünvanda 193 kvadrat metr mənzil qızı Turan Haqverdiyevanın adınadır.
5. Həmin ünvanda 143 kvadrat metr qeyri-yaşayış sahəsi qızı Günel Məmmədovanın adınadır.
6. Q.Məmmədovun Mehdiabad qəsəbəsində 3 torpaq sahəsi vardır. Ümumi sahəsi 1 hektardır.
7. Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsi 11 ünvanda fərdi yaşayış evi Q.Məmmədovun adınadır.
8. Xocahəsən qəsəbəsi F.Ağazadə küçəsi 2 fərdi yaşayış evi qızı Turan Haqverdiyevanın adınadır.
9. Nərimanov rayonu Daşkarxanası küçəsi 163 B ünvanı fərdi yaşayış evi oğlu Elnur Məmmədovun adınadır.
10. Şəki şəhəri R.Kazımov küçəsi 23 saylı fərdi yaşayış evi qızı Günel Məmmədovanın adınadır.
11. Biləcəri qəsəbəsi E.Hüseynov küçəsi 56 mənzil 4 ünvanında əmlak arvadı Mehbarə Məmmədovanın adınadır.
12. Məmmədli kəndi Zabrat-Kürdəxanı qolunun qərb hissəsində 2 saylı binada 42 nömrəli mənzil oğlu Elnur Məmmədovun adınadır.
13. Nərimanov rayonu Ə.Əliyev küçəsi 7A saylı binada 32 nömrəli mənzil qızı Günel Məmmədovanın əri Cəsarət Muradovun adınadır.
14. Nizami rayonu B.Nuriyev küçəsi 27, mənzil 82 qızı Günel Məmmədovanın əri Cəsarət Muradovun adınadır.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Qurban Məmmədovun Əli Həsənovun patronajlığı altında əldə etdiyi əlavə sərvətləri, mülkiyyət və əmlakların siyahısını dəqiqləşdiririk.
Bütün bu faktlar onu göstərir ki, Qurban Məmmədov Əli Həsənovun ciddi dəstəyi olmadan bu qədər sərvəti və var dövləti əldə edə bilməzdi. Əli Həsənov Qurban Məmmədovu maliyyələşdirib və onun söyüş kampaniyasının arxasında durub.
Eyni zamanda, ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən Qurban Məmmədovun saxta yollarla öz əmlakını 480 kvadrat metr yazdırması, adı keçən dövlət məmurları ilə sövdələşərək pul ödəmədən 1300 kvadrat metr əmlak əldə etməsini araşdırılmalıdır.