“Yoluxma sayının artmasının əsas səbəbi ictimai nəqliyyatda yaşanan sıxlıqdır”.
Bu sözləri professor Adil Qeybulla koronavirusa yoluxanların sayının artması ilə bağlı danışarkən deyib. O, avtobuslarda karantin qaydalarına əməl olunmadığını bildirib:
“Avtobuslara diqqət edin, sərnişin sıxlığı bir yana, insanlar da qaydalara əməl etmir. Bir çox insan maskanı çənəsində saxlayır, yaxud içəri maskasız daxil olur. Bir sözlə, bu gün ictimai nəqliyyat yoluxmanın əsas mənbəyidir. Əgər qısa zamanda bu problemlə bağlı tədbir görülməsə, yoluxma sayı daha çox artacaq”.
Professor payız aylarında virusun daha da mürəkkəbləşə biləcəyini bildirib:
“Payız aylarında soyuqdəymə, qrip xəstəlikləri yayıldığı üçün COVID-19 daha da mürəkkəbləşə bilər. Digər tərəfdən virus artıq son dövrlərini yaşayır və ola bilər ki, gələcəkdə müəyyən bir aqressiya göstərsin. Bu baxımdan, indi və qarşıdakı günlərdə daha çox diqqətli olmalı, karantin qaydalarına nəzarəti artırmalıyıq. Əgər qaydalara əməl olunarsa, qısa zamanda bu bəladan qurtularıq”.