Mədəniyyət Nazirliyinə çağırış: 8 min illik tarix məhv olur

ÖLKƏ
09:48 / 05.09.2020
1353

Azərbaycanın Qarabağ bölgəsində e.ə. 6-cı minilliyə aid yaşayış məskəni aşkar edilib. Qazıntı işləri aparılıb, lakin yaşayış məskəninin qorunmasının necə olacağı sual altında qalıb.

AYNA xəbər verir ki, 2019-cu ildə Füzuli rayonu Horadiz qəsəbəsində aparılan arxeoloji kəşfiyyat işləri zamanı e.ə. 6-cı minilliyə aid yaşayış məskənləri tapılıb. Qarabağ Neolit-Eneolit arxeoloji ekspedisiyası tərəfindən aşkarlanan “Lələtəpə Neolit dövrü yaşayış məskəni”ndə 2020-ci ilin 10 avqustundan arxeoloji tədqiqatlar başlayıb.

Sosial şəbəkədə paylaşılan məlumatda deyilir ki, qədim yaşayış məskəninin bundan sonrakı taleyi narahatlıq doğurur. Belə ki, qarşıdan payız-qış ayları gəlir və abidə müvafiq qurumlar tərəfindən nəzarətə götürülməsə, torpaq altında qalaraq itib-batmaq təhlükəsi ilə üz-üzə qalacaq.

Məsələ ilə bağlı ekipaj rəhbəri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Xəqani Alməmmədov AYNA-ya deyib ki, abidənin qorunması Mədəniyyət Nazirliyinin səlahiyyəti daxilindədir: “Abidə 2019-cu ildə aşkar edilib, qazıntı işlərinə isə bu il başlamışıq. Tədqiqatı Arxeologiya Etnoqrafiya İnstitutu aparır. Biz elmi tədqiqatımızı aparırıq. Abidənin qorunması isə Mədəniyyət Nazirliyinin səlahiyyəti daxilindədir”.

X.Alməmmədov bildirib ki, qanunda boşluqlar var, elə bu da mədəni abidələrin dağılmasına səbəb olur: “Abidənin qorunması ümumxalq işidir, hər birimizin borcudur. Bu abidələri aşkarlamaq bir alim, tədqiqatçı kimi mənim borcumdur. Qorumaq da hamımızın. Bu, cənubda yeganə, unikal abidədir. Biz istəyirik, dağılmasın. Bu işləri erməni gülləsinin səsi altında edirik”.

Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən isə AYNA-ya açıqlama verildi ki, abidə ilə bağlı məsələ araşdırılacaq və cavab veriləcək. Lakin iki gün vaxt keçməsinə baxmayaraq, hələ də qurumdan dəqiq cavab ala bilməmişik...

0