“Milli Məclisin avqustun 6-da keçirilən plenar iclasında “Uşaqpulu” məsələsinə baxılması təklifi ilə mən və digər deputat həmkarlarımın çıxışlarından sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirdi ki, “Komitəyə deputatlar gəlsin, İşçi qrup yaradaq, konkret təkliflər hazırlayaq.” Milli Məclisin sədri hörmətli Sahibə Qafarova da yekunda bildirdi ki, “Xahiş edirəm, bunu nəzərə alasınız.” Bu, böyük ruh yüksəkliyi yaratdı. Baxın, necə ki, Sahibə xanımın adına demədiyi sözlər yazılır, mənim də elə. Yəni “Milli Məclisdə “uşaqpulu” məsələsi ilə bağlı İşçi qrup yaradılıb” açıqlamasını mən verməmişəm, konkret fikir söyləməmişəm. Açıqlamamda komitə sədrinə istinad etmişəm”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
T.Kərimli qeyd edib ki, Milli Məclisin məsələ ilə bağlı təkzib yayması onu nüfuzdan salır: “Yaxşı bilirəm ki, əvvəlcə parlamentin payız sessiyasının qanunverici işlər planı təsdiq olunmalıdır, ondan sonra hansı məsələlərin müzakirə olunacağı ilə bağlı fikir bildirmək olar. Demişəm ki, “uşaqpulu”nun bərpası ilə bağlı çalışacağıq. Açığı bu söz-söhbətdən sonra buna ehtiyac qalmır. Fikirlərim niyə təhrif olunmalıdır ki? “Uşaqpulu” ilə bağlı məndən əvvəl də çıxış edənlər olub. Niyə aqressivlik yalnız mənə qarşıdır? 64 yaşım var, nə şan-şöhrət, nə də zənginlik axtaran vaxtımdır... Populist hərəkət etməkdən uzağam. Təklif səsləndirmişəm, deputatlıq borcumu yerinə yetirmişəm. Aidiyyatı qurumlar da baxarlar, götür-qoy edərlər... Hesab edirdim ki, bununla xalqın hökumətə etimadını gücləndirmək olardı. Bunları xal qazanmaq üçün etməmişəm ki... Özəl olaraq, xahiş edirəm ki, bu mövzuda mənə bir daha sorğu edilməsin”.