DSX əməliyyat keçirdi: sərhədpozucular külli miqdarda narkotik vasitə ilə tutuldu

ÖLKƏ
10:46 / 05.09.2020
677

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, 2 sentyabr 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində iki nəfərin dövlət sərhədini pozması müşahidə olunub.

Sərhəd zastavası “həyacan” komandasına qalxaraq xidməti ərazidə sərhəd axtarışı həyata keçirilib, nəticədə sərhəd pozucularından biri  Biləsuvar rayon Əsgərabad kənd sakini, 1991-ci il təvəllüdlü, İsmayılov Adil Totuxan oğlu üzərində 3 kq 265 qram heroinə, 3 kq 180 qram tiryəkə, 135 qram marixuanaya oxşar narkotik maddələr, 500 ədəd “Metadon”, 100 ədəd “Glibotex”, 210 ədəd “Gabaprel” psixotrop və güclü təsirli dərman preparatları ilə saxlanılıb.

Hadisə yerindən qaçmış digər sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilərək DİN Biləsuvar rayon polis şöbəsi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu Əsgərabad kənd sakini, 1990-cı il təvəllüdlü Rəmiyev Musa Adıgözəl oğlu rayon ərazisində polis əməkdaşları tərəfindən 315 qram heroinə, 8 kq 225 qram tiryəkə, 2 kq 310 qram metafetaminə oxşar narkotik maddələrlə, 460 ədəd psixotrop və güclü təsirli dərman preparatları ilə saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

0