Yeni tədris ilinin açılmasına sayılı günlər qalıb. Bu dönəmdə məktəb alış-verişinə çıxan kim, dərslər başlayır deyə işlərini sahmana salan kim. Amma pandemiya səbəbindən narahatlıq hissi keçirən valideynlərin də sayı az deyil. Əsas nigaranlıq isə məktəblərdə gigiyena qaydalarına əməl olunub-olunmayacağı ilə bağlıdır.
"Yeni Müsavat"a danışan Zöhrə İsmayılova deyir ki, uşağını dərsə göndərməyə tərəddüd edir: "Məktəbdə şərait yoxdur, uşaqlar çantalarını yerə qoyurlar. Tualeti təmirsiz, əl yumağa bir sabun belə olmur. Evə gələndə çantaları da, kitabları da çirkin içində olur. Hələ ötən il mənim uşağım il boyu xəstə olurdu. Sağalan kimi məktəbə gedəndə yenə də kimdənsə virusa yoluxub gəlirdi. Pandemiyanın bu vaxtında o cür natəmizliyə uşağımı necə göndərim?"
İki uşağı ibtidai sinifdə oxuyan Nemət Əliyev adlı paytaxt sakini də bizimlə söhbətdə onu narahat edən məqamlara toxunub: "Çantalar o qədər ağırdı ki, uşaqlar istər-istəməz yerə qoymalı olurlar. Məktəbdə necə qorunacaq uşaqlar, bilmirəm, evə gələndə üst-başları çirkin içində olur. Kitabları, dəftərləri də natəmiz vəziyyətdə olur. Biz evdə təmizliyə diqqət edirik, amma məktəbdə necə olacaq?!"
Tibb elmləri doktoru, professor Adil Qeybulla bizimlə söhbətdə bildirdi ki, dərslərdə təması azaltmaq üçün partalarda məsafə gözlənilməli, otaqlar əvvəlcədən dezinfeksiya olunmalı, əllər dezinfeksiya olunmalıdır: "Harada görülüb ki, məktəbdə çanta yerə qoyulsun. Bunun üçün ayrıca dolab olmalıdır. Bu stereotip dəyişməlidir, dünyanın hər yerində necədirsə, bizdə də o şəkildə olmalıdır. Xüsusilə, koronavirus dövründə məktəblərdə hər otağa ayrıca dolab qoyulmalıdır. Uşaqların fərdi əşyaları- geyimdən tutmuş məktəb ləvazimatlarına kimi ayrıca bir yerdə yerləşdirilməlidir. Bunu da ona görə edirik ki, məktəblərdə başqalarının əşyası ilə təmas olmasın. Həmin dolab da hər gün dezinfeksiya olunmalıdır. Bu şəkildə uşaqları müxtəlif viruslardan da, koronavirusdan da qorumaq olar".
Adil Qeybulla: "Harada görülüb ki, məktəbdə çanta yerə qoyulsun"
"Dərs ilinin başlamasına az müddət qalmasına baxmayaraq təəssüflər olsun ki, yeni tədris ilinin başlaması qaydaları hələ də təsdiq edilməyib" deyən təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı "Yeni Müsavat"a danışdı: "Söhbət şagirdlərin məktəb daxilində, eyni zamanda bir-birlərinə münasibətlərindən gedir. Ara məsafənin tənzimlənməsi, tədris prosesinin həyata keçirilməsi - bunlar boşluq olaraq qalır. Amma tədrisin bərpa edildiyi ölkələrdə bu, iki formatda həyata keçirilir. Məsələn, Rusiya sentyabrın 1-dən 20 milyon şagirdi ilə tədris ilinə başladı. Və hər hansı bir qayda müəyyənləşdirilmədi. Şagirdlər və tələbələr əvvəlki qaydada tədris prosesində iştirak etdilər. Bu il Rusiyada ilk dəfə birinci sinfə 1.5 milyon şagird getdi və onlarda hər hansı qabaqlayıcı tədbirlər nəzərdə tutulmadı. Amma digər ölkələrdə bunun əksini gördük. Bir neçə həftə bundan əvvəl Almaniyada 130 min şagird dərsə başladı və bir çox qaydalar müəyyənləşdi. Birincisi, şagirdlərə dərsliklər iki formatda verilir, yəni bir nüsxə məktəbdə, ikinci nüsxə də evdə qalır. Şagirdlər məktəbli çantalarını daşımırlar. Onlar birbaşa özləri tədris prosesində iştirak edirlər. Biz də bununla bağlı Təhsil Nazirliyinə müraciət etmişik ki, 2020-ci ildə Azərbaycanda şagirdlərə dərsliklər iki komplekt verilsin. Bir komplekt məktəbdə saxlanılsın, digəri də evdə şagirdlər tərəfindən istifadə edilsin ki, burda hər hansısa bir yoluxma riski daşıyıcı funksiyanı yerinə yetirməsin. Ola bilər ki, hansısa şagird yoluxsun, digər şagirdin çantasına toxunsun. Bilirik ki, bu qaçılmazdır. Ona görə də hər bir şagirdin məktəbli ləvazimatları məktəbdə saxlanmalıdır. Digər dərs ləvazimatları da valideynlər tərəfindən iki komplekt alınmalıdır ki, onlar daşıyıcı funksiyasını yerinə yetirməsin. Lazımi ləvazimatlar məktəbdə qalarsa məktəbdən evə gəlməyəcək".
Kamran Əsədov: "Şagirdlərə dərsliklər iki komplekt verilməlidir - biri məktəb, digəri ev üçün"
K.Əsədov məktəblərdə qarderobdan istifadə məsələsinə də toxunub: "Bir çox hallarda siniflərdə paltar asılması üçün yerlər məhdud olur və uşaqlar bir-birinin formasının üzərinə paltarlarını asırlar. Ola bilər ki, geyimə hansısa yoluxmuş şəxs toxunub, digər uşaq formasını onun üzərinə atacaq. Ona görə biz tövsiyə etmişik ki, yeni tədris ili başlayana qədər Təhsil Nazirliyi siniflərin daxilində zəruri ehtiyacların ödənməsinə nəzarət etsin. Eyni zamanda, hər bir sinfə oğlan və qız şagirdləri üçün ayrı-ayrılıqda dezinfeksiya məhlulu qoyulmalıdır. Bütün sinfə bir ədəd dezinfeksiya məhlulu azdır, heç olmasa iki ədəd olmalıdır. Məktəblərin girişində hərarət ölçən aparat olsa belə, şagirdlər böyük tənəffüsdə yoxlanılmalıdırlar. Burda bizim digər bir təklifimiz sanitar qovşaqdan istifadə ilə bağlıdır. Bir çox hallarda məktəblərin sanitar qovşağı bərbad vəziyyətdə olur. Uşaqlar istifadə edə bilmir. Hətta sanitar qovşağın özü belə virus mənbəyinə çevrilə bilir. Orda da maye sabun və digər gigienik vasitələrin olmasına diqqət edilməlidir. Xüsusən də, sanitar qovşaqdan istifadə zamanı böyük siniflərlə ibtidai siniflərin eyni yerdən istifadə etməsinə icazə vermək lazım deyil".