Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris gələn ilin ortalarına qədər COVID-19-a qarşı genişmiqyaslı vaksinasiya prosesinin olmayacağını açıqlayıb.
O, vaksinlərin effektivliyi və təhlükəsizliyi üzərində ciddi nəzarətin vacibliyini vurğulayıb.
Harris əlavə edib ki, bu 3 mərhələli sınaqlar daha uzun çəkməlidir. Çünki vaksinin nə qədər qoruyucu və təhlükəsiz olduğuna əmin olmaq lazımdır.
Bəzi mütəxəssislərin fikrincə, ümumiyyətlə qrip viruslarına qarşı vaksin hazırlanması müşkül və mümkün görünmür.
Mövzu ilə bağlı Cebhe.info-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla koronavirusa qarşı vaksinasiya məsələsinin illüziya olduğunu bildirib:
“Əslində koronavirusun davam etmə müddəti ilə bağlı müxtəlif fikirlər var. Koronavirus SARS və MERS-lə qarışdırılır. Fenotipik və marfoloji baxımından SARS 2, SARS 1 demək olar ki, analoji viruslardır. Sadəcə olaraq, orada cüzi dəyişiklik koronavirusun daha kantagioz olmasını şərtləndirir. Amma bu virusun həyat sikli 1 ildən çox ola bilməz. Koronaviruslar həmişə mövsümü xəstəliklər törədiblər. Onun mövcud 40 növündən 7-si insanda xəstəlik törədir. 3-ü isə ən ağır formadır: SARS 1, SARS 2 və MERS. Yəni 4 forma yüngül soyuqdəymə törədir. Belə olan təqdirdə nə vaxta qədər virusun davam edəcəyini gözləyirlər ki? Kəskin respirator virus xəstəliklər törədən mikroorqanizmlər 15-dən çoxdur. Bunların 1 illik müddətləri var. Yəni növbəti yeni ştamp deməkdir. H1N1-in elə 2000-dən çox ştampı və hər il peyda olan xeyli vaksin var. Qripin kökü kəsilib məgər? Koronavirusa qarşı vaksinasiya məsələsi tam absurd bir məsələdir.
Əvvəla vaksin ilk növbədə icad və istehsal olunmalıdır, bunun effektivlilik və təhlükəsizlik məsələləri sınaqdan keçirilməlidir. Ondan sonra virus haqqında nəsə demək mümkündür. Bu isə yaxın vaxtın problemi deyil. Nəzərə alsaq ki, o müddətə qədər də koronavirus yoxa çıxacaq və ümumiyyətlə, mövcud olmayacaq. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsinin fikrində tamamilə haqq var və Rusiyanın vaksinlə bağlı elan etdiyi informasiyaların özü də daha çox siyasi mahiyyət daşıyır, nəinki elmi... Hesab edirəm ki, vaksinlə bağlı illüziyalara qapılmağa ehtiyac yoxdur. Karantin davranışlarına ciddi riayət etmək lazımdır. Sosial həyatın bütün sahələri fəaliyyət göstərməlidir. Biz bu virusla yaşamağı bacarmalıyıq. Pandemiyanın da ömrünə çox qalmayıb”.