Həbs edilən şirkət rəhbəri 350 min təzminat istəyirdi, məhkəmə 3 min hesabladı

ÖLKƏ
20:42 / 05.09.2020
843

“Melrama LTD” şirkətlər qrupunun rəhbəri, "Benilüks Azərbaycanlıları Konqresi"nin media və ictimai əlaqələr üzrə baş müşaviri qanunsuz həbs edildiyini bildirərək təzminat tələb edir.

Musavat.com xəbər verir ki, uzun müddət Niderlandda yaşayan Nəsir Mahmudov Azərbaycanda qanunsuz olaraq həbs edildiyi üçün qazanc itirdiyini, mənəvi zərər gördüyünü deyir.

5 il əvvəl Cinayət Məcəlləsinin 321-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsilə ilə təqsirli bilinən N.Mahmudov 1 il həbs cəzası alıb.

Sumqayıt Apellyasiya Məhkəməsi Mahmudova bəraət verib və göstərib ki, onun əməlində bu cinayətin tərkibi yoxdur.

Bundan sonra Nəsir Mahmudov Azərbaycan hökumətindən kompensasiya almaq üçün məhkəmələrə üz tutub.

İşadamı olaraq, aylıq kifayət qədər böyük məbləğdə qazancı olduğunu, qanunsuz həbsdə saxlandığı müddətdə o qazancını itirdiyini deyən Mahmudov bundan başqa mənəvi ziyanın ödənilməsini də tələb edib. İş adamı bildirib ki, hərbi xidmətdən yayınmaqda suçlanması onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurub.

Mahmudov ilk olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia qaldırıb. Maddi ziyana görə 250, mənəvi ziyana görə isə 100 min manat təzminat istəyib.

Məhkəmələr Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddiaya baxmaqdan imtina etdiyi üçün Mahmudov Maliyyə Nazirliyini məhkəməyə verib.

O, dövlət orqanlarının qərarına görə dəymiş ziyanı Maliyyə Nazirliyindən tələb edib.

Nəsimi rayon Məhkəməsi Nəsir Mahnudova mənəvi ziyana görə 1500 manat kompensasiya verilməsi haqda qərar çıxarıb.

Bu qərardan narazı qalan Mahmudov apellyasiya şikayəti verib. Amma nəticə dəyişməyib.

Ali Məhkəmə isə şikayəti qisnən təmin edərək təzminatın məbləğini 3000 manat qaldırıb.

0