Bakı Nəqliyyat Agentliyinin müvcud problemləri kənara qoyaraq taksi xidmətləri ilə bağlı birmənalı təklifi təəəccüb döğurur.
Bu barədə davamlı inkişaf və nəqliyyat üzrə ekspert Anar Mehdiyev Media.Az-a müsahibəsində deyib.
“Ölkədə yol nəqliyyatının təşkili ilə bağlı bir çox həll edilməmiş problem var ki, bu da ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinə təsir göstərir. Paytaxtda svetoforların, xüsusən də piyadalar üçün işıqfor çatışmazlığı var, bir çox yerlərdə yol nişanları səhv qoyulur, qanunsuz parklanma problemi həll olunmur, avtobus dayanacaqları lazımi yerə qoyulmur. Buna görə də, Bakı Nəqliyyat Agentliyinin yuxarıda qeyd edilən problemləri kənara qoyaraq taksi xidmətləri ilə bağlı birmənalı təklifi təəəccüb döğurur”, deyə ekspert bildirib.
Onun sözlərinə görə, ictimai nəqliyyatın yaxşı koordinasiya olunmuş tənzimləmə sistemi olsaydı, avtobuslar qrafikə uyğun dəqiq hərəkət etsəydi və sərnişinləri rahatlıqla aparsaydı, onda taksi ilə bağlı problem yaranmazdı.
“Əlbətdə ki, köhnə avtobusların yeniləri ilə əvəzlənməsi sevindiricidir. Yeni avtobusların mühərrikləri qazla işləyir və bu da atmosferə atılan zərərli maddələrin miqdarını xeyli azaldır. Ancaq eyni zamanda, ölkədə hələ də elektrik avtobuslar yoxdur, baxmayaraq ki, bir müddət əvvəl paytaxtda tezliklə hərəkət edəcəkləri vəd olunmuşdu”, - dedi A.Mehdiyev qeyd edib.
Yeri gəlmişkən, Gəncə Avtomobil Zavodunun (GAZ) Müşahidə Şurasının sədri Xanlar Fətiyev yaxın günlərdə Türkiyənin böyük şəhərlərindən biri ilə Gəncə Avtomobil Zavodunda (GAZ) yığılan E-321 elektrik avtobuslarının satışına dair razılığa gəlməyin planlaşdırıldığını deyib. Söhbət Belarus “Belkommunmash” müəssisəsinin Azərbaycana ilk avtobusları gətirməsindən sonra 2019-cu ildə yığılmasına başlanılan elektrik avtobuslarından gedir.
“Gəncə Avtomobil Zavodu Belarus müəssisəsi ilə müqavilə əsasında avtomobil dəstləri idxal edir. Ölkəyə demək olar ki, hazır elektrik avtobusları gətirilir, Gəncə zavodunda çatışmayan hissələr, məsələn təkərlər, qapılar, güzgülər onlara əlavə edilir. Ancaq eyni zamanda, Bakıda və ölkəmizin digər şəhərlərində elektrik avtobuslarından istifadə edilmir. Bəli, onlar ekoloji cəhətdən daha təmiz, eyni zamanda adi avtobuslardan daha bahalıdır.
Elektrik avtobuslarının şəhərdə hərəkət etməsi üçün onlara 100-ə yaxın avtobusu yerləşdirib xidmət göstərmək mümkün olan müvafiq bir park salmaq lazımdır. Avtomobil parkının özündə də enerji yığmaq üçün yerlər ola bilər, amma o, “Baku Bus” kimi Hövsan qəsəbəsinə gedən yolda şəhərətrafı ərazilərdə olmamalıdır. Elektrik avtobuslarının alınması təxminən 50 milyon dollara başa gələ bilər, çünki bir elektrik avtobusunun qiyməti təxminən 500 min dollardır. Bundan əlavə, elektrik avtobuslarının köhnəlmiş və zədələnmiş batareyaları ilə nə ediləcəyini, onların necə atılacağını və digər məsələləri əvvəlcədən düşünmək lazımdır”, - A.Mehdiyev bildirib.
Mütəxəssis qeyd edib ki, paytaxtda, xüsusən də “Neftçilər”, “Nəriman Nərimanov”, “Əhmədli” metro stansiyaları, “8-ci kilometr” bazarı yaxınlığında yol-nəqliyyat hərəkətinin təşkili ilə yaxından maraqlanmaq lazımdır:
“Niyə “8-ci kilometr” bazarından 35 avtobus marşrutu keçməlidir, şəhərətrafı qəsəbələr isə nəqliyyat çatışmazlığından əziyyət çəkir. Yeri gəlmişkən, Mərdəkan, Buzovna, Şüvəlan, Pirşağı kurort qəsəbələri arasında və daxilində də elektrik avtobusları buraxmaq yaxşı olardı. Orada ictimai nəqliyyatda daima problemlər var, ətraf ərazilərdə səssiz və təmiz elektrik nəqliyyatının tətbiqi ətraf mühit baxımından xüsusilə vacibdir. Bu yuxarıda göstərilən ərazilər üçün cəlbedici həll yolu olardı”.
Onun fikrincə, Bakı Nəqliyyat Agentliyi cəmiyyətlə əlaqəsini itirib:
“Azərbaycan Nəqliyyat Nazirliyi yenidən qurulduqdan sonra sanki nəqliyyat siyasətinin müzakirə edilməsi dayandırıldı. Təəccüblü deyil ki, ictimai nəqliyyat sisteminin tənzimləmə prosesi havadadır. Məsələn, bir gün əvvəl Maştağa və Mərdəkan qəsəbələrinə ekspress-avtobuslar buraxılmışdı. Yaxşı fikirdir, amma geri qayıdarkən Mərdəkandan gələn avtobus Ramana qəsəbəsindən keçir. Niyə? Yeni avtobuslar səliqəsiz kənd yolları ilə hərəkət edir və dayanacaq yoxdur. Bu barədə bir sual ilə BNA-ya müraciət edəndə, müvafiq strukturların təlimatlarına əməl etdiklərini dedilər”.
Sonda mütəxəssis səyahət bileti sisteminin tətbiqi məsələsinə toxundu:
“Dünyanın bütün ölkələrində bir həftə və ya bir aylıq məhdudiyyətsiz bilet ala bilərsiniz. Bizdə belə bir şey yoxdur, baxmayaraq ki, bu barədə çoxdan düşünməyə dəyərdi. Məsələn, ictimai nəqliyyatda səyahətlər üçün 50 qəpikdir, birdəfəlik səyahət kartları alsanız, bir həftə və ya bir aylıq kartlarda hər səyahət 20 və ya 30 qəpiyə başa gələcək”.