"Azadlıq" qəzetinin həbsdə olan bölgə müxbiri Ziya Əsədli azadlığa çıxıb.
3 il həbs cəzası alan Ziya Əsədli cəzasını başa vuraraq Salyan rayonunda yerləşən 5 saylı Cəzaçəkmə Müəsisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, Ziya Əsədli 2017-ci ilin sentyabr ayının 5-də Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Ona qarşı Biləsuvar rayon Polis Şöbəsində cinayət işi açılmışdı.
Jurnalist bildirirdi ki, ona qarşı təzyiq Neftçala rayonunun Xırmandalı kənd sakinlərinin etiraz aksiyasından hazırladığı videoreportajdan sonra başlayıb.
Jurnalist yerli çayxana sahibinin şikayəti ilə mühakimə edilmişdi. Ziya Əsədli deyirdi ki, çayxana sahibi ona "burada müxalifətçilərə yer olmadığını" deyib və mübahisə edib.
Bir müddət sonra jurnalist çayxananın yanından keçərkən çayxana sahibi ona hücum edib və bir neçə dəfə zərbə endirib.
Bundan sonra Z.Əsədliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Sonradan iş daha ağır maddə olan 221.3-cü (xuliqanlıq, silahdan və ya silah kimi istifadə olunan əşyadan istifadə ilə törədildikdə) maddəyə tövsif edilib.