BMT-nin reytinqində 14 pillə geriləyən ölkəmiz: nə üçün inkişaf getmir? - ŞƏRH

ÖLKƏ
13:42 / 07.09.2020
842

Nə üçün Azərbaycan son 3-4 ildə eGov sahəsində beynəlxalq reytinqlərdə əvvəlki göstəricilərini təkrarlaya və yaxşılaşdıra bilmir?

HİT.Az xəbər verir ki, bu barədə ekpert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. O bildirib, bir-iki ay öncə BMT elektron hökumətin inkişafı ilə əlaqəli özünün növbəti Reytinq cədvəlini açıqladı. Azərbaycan "Elektron hökumətin İnkişafı İndeksi"nə görə  (E-Government Development Index-EGDİ)  190-dan çox ölkə arasında 70-ci pillədə yer tutub.

"Maraqlıdır ki, bundan öncə, 2018-ci ildə açıqlanan Reytinq cədvəlində də ölkəmiz 70-ci pillədə olmuşdu. Yəni, inkişaf göstəricilərində  heç bir dəyişmə baş verməmişdi. BMT bu qiymətləndirmələri  hər iki ildən bir təkrarlayır. BMT -nin 2016-cı ildə açıqladığı Reytinqdə isə Azərbaycanın vəziyyəti daha yaxşı , hətta deyərdim ki, yüksək səviyyədə olmuşdu.
Həmin ildə açıqlanan reytinqdə Azərbaycan 56-cı yeri qazanmışdı. O zaman elektron xidmətlərlə bağlı ölkəmiz, xatırlayıram ki, 30-40 pillə irəliləmişdi.  Bu, oluqca yüksək göstərici idi. Bəs nə baş verdi ki, sonrakı iki ildə ölkəmiz 14 pillə gerilədi və bu geriləmə ondan sonrakı ildə də bərpa olunmadı? 

BMT hesabatına görə son 4 ildə bizdə eGov sahəsində sanki durğunluq olub. 
Elektron iştirakçılıqla bağlı indeks də,  hesabatdan görsənir ki, əvvəlki dövrlərdə daha yüksək olub. BMT-nin adı çəkilən Hesabtının hazırlanmasında 200-dən çox ekspert iştirak edir, 3 istiqamət ( elektron xidmətlər, telekommunikasiya infrastrukturu və insan kapitalı) üzrə dəyərləndirmələr aparılır. Bu qiymətləndirmə dünyada eGov sahəsində aparılan ən mötəbər sənəd hesab olunur".

Ekspert əlavə edib ki, son illərdə ölkəmizdə eGov sahəsində bir xeyli işlər görülüb, səlahiyyətli mərkəzi icra qurumu dəyişilib,  bir sıra uğurlu rəqəmsal layihələr icra edilib, müxtəlif rəqəmsal dövlət resursları hazırlanıb. Prezidentin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq  2018-ci ildə Elektron Hökumətin İnkişafı Mərkəzi yaradılıb və s.

"Bununla belə görünür ki, bizdə həm qeyd olunan istiqamətlər üzrə fəaliyyətin canlandırılması  sahəsində problemlər var, həm də görünür ki, dünya ölkələri də , necə deyərlər yatmayıblar, onlar da son dövrlərdə rəqəmsallaşma sahəsində ciddi uğurlar əldə edirlər. Xüsusilə də, BMT-nin adı çəkilən hesabatından görsənir ki  bizə yaxın olan Kazaxstan , Ukrayna və Belarus bu sahədə vəziyyətlərini xeyli yaxşılaşdıra biliblər. Düşünürəm ki, biz yaxın zamanlarda Regional eGov sahəsində, eGov-la bağlı dövlət qurumları arasında kordinasiya və inteqrasiya sahəsində , telekommunikasiya və internet infrastrukturunun bütün ölkə üzrə  yenidən qurulması istiqamətində və vətəndaşların elektron iştirakçılığı sahəsində vəziyyəti kəskin yaxşılaşdıra bilməsək növbəti hesabatda daha pis nəticələrlə üzləşəcəyik".

0