“Elmi-texniki təchizatına, ordunun hazırlıq səviyyəsinə və hərbi-texniki təminatına görə, Azərbaycan Ordusu 21-ci əsrin ordusudur”.
Bunu HİT.Az-a Milli Məclisin deputatı, professor Rüfət Quliyev beynəlxalq mərkəzlərin təhlil nəticələrinə əsasən deyib.
R. Quliyev bildirib ki, bu nəticələr hərbi texnikalara, silah-sursatın müasirliyinə və canlı qüvvənin potensial gücünə əsasən hesablanıb:
“Azərbaycan Ordusu dünya ölkələrinin orduları sırasında ilk əllilikdədir. Bunu mən demirəm, beynəlxalq qurumların göstəriciləri deyir. Bir neçə ay öncə Azərbaycan ilə Ermənistanın ordularını müqayisə edirdilər. Zirehli texnika, silah-sursat, döyüş vasitələri, hərbi texnikalar əsas meyar idi. Nəticə onu göstərdi ki, Azərbaycan Ordusu bütün növ hərbi texnikalar üzrə Ermənistan ordusundan təxminən, 4 dəfə üstündür”.
Deputatın sözlərinə görə, hazırda Azərbaycan Ordusu daha güclüdür, daha hazırlıqlıdır, müasir texnika ilə təmin olunur:
“Beynəlxalq mərkəzlərin təhlili göstərir ki, bugünkü təminat və təchizatını analiz edəndə Ermənistan ordusunun ötən əsrin 90-cı illərinin səviyyəsində olduğu məlum olur. Lakin qeyd olunan göstəricilərə, elmi-texniki təchizata, ordunun hazırlıq səviyyəsinə və hərbi-texniki təminatına görə, Azərbaycan Ordusu 21-ci əsrin ordusudur”.
“Dünya standartlarına görə, müharibə aparan ölkə əhalisinin 10%-ə qədərindən hərbi kontingent yığıla bilər. Gəlin, Ermənistana baxaq, orada 1 milyon 800 min adam var, hər il də 30-40 min nəfər ölkəni tərk edir. Hətta pandemiya vaxtı belə, nə qədər erməni başqa ölkələrə qaçdı. Deməli, əhali sayımıza görə, biz müharibəyə daha çox insan, eləcə də daha çox texnika cəlb edə bilərik. Bunların hamısı faktdır, bunları Azərbaycan siyasətçisi kimi yox, beynəlxalq reallığa əsasən deyirəm. Biz hələ ki, başda cənab Prezident olmaqla, münaqişənin sülh yolu ilə həllini istəyirik. Prezident çıxışında deyib ki, təkbətək qalaq, görək nə olacaq. Elə olsa, bizimlə müharibə apara bilərlərmi?” deyə, deputat qeyd edib.