DİM sədri ombudsmanın müraciətinə aydınlıq gətirdi

ÖLKƏ
16:14 / 08.09.2020
798

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müsabiqə şərtlərinin yumşaldılması təklifinə münasibət bildirib.

Trend-in məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, o bu gün səhər ombudsmana cavab məktubu hazırlayıb: “Mən yalnız ombudsmanın qaldırdığı məsələyə aydınlıq gətirmək istəyirəm. Müsabiqə şərtləri DİM tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Bu şərtləri Təhsil Nazirliyi ilə birlikdə müzakirə etdikdən sonra hökumətə təklif edirik. Bu qaydalar artıq təsdiq edilib. İkinci məsələ odur ki, pandemiya ilə əlaqədar problemlər yaşanıb. Bunu nəzərə alaraq, Təhsil Nazirliyi ilə birlikdə hökumətə təkliflərimizi vermişik, bir sıra imtahanlarda müəyyən dəyişikliklər edilib. Müəyyən proqramlar çıxarılıb, imtahanın birinci mərhələsində açıq sualların 50 faizi qapalı suallarla əvəzlənib”.

M.Abbaszadə bildirib ki, bu il plan yerləri təxminən 1 faiz artıb. Dövlət sifarişli plan yerləri üzrə artım daha çoxdur: “Bu artım təxminən 8 faizdir. Hazırda əlavə kontingentin müsabiqəyə buraxılması məsələsinə baxılmır. Bu o halda olur ki, plan yerləri çox, abituriyentlərin sayı azdır. Bu il isə elə deyil və müsabiqə üçün kifayət qədər rəqabət şəraiti yaranıb”.

DİM sədri bəzi ekspertlər tərəfindən builki qəbul nəticələrinin keçənilki nəticələrdən aşağı olması barədə deyilən fikirləri də düzgün saymayıb.

Qeyd edək ki, bir müddət əvvəl ombudsman müsabiqə şərtlərinin şumşaldılması ilə bağlı təklif vermişdi.

0