MSK ilə bağlı mürəkkəb durum: Məzahir Pənahovun ömrü uzadılır

ÖLKƏ
16:19 / 10.09.2020
1581

Mərkəzi Seçki Komissiyası (MSK) ilə bağlı qəribə situaisya yaranıb. Seçki Məcəlləsinə əsasən komissiya üzvləri 5 il müddətinə seçilir. MSK-nın hazırkı tərkibi 2016-cı ilin aprel ayında formalaşdırılıb. Deməli, 5 il müddətin başa çatmasına az 7 ay qalıb. 

Qanunda həm də qeyd edilib ki, parlament seçkilərindən sonra Milli Məclisin ilk iclaslarının birində MSK-nın tərkibi formalaşdırılmalıdır. Azərbaycanda son parlament seçkiləri 9 fevral 2020-ci il tarixdə keçirilib. Bu, növbədənkənar seçkilər olub. Milli Məclisin tərkibi əhəmiyyətli dərəcədə dəyişib. Yeni bitərəf deputatlar və siyasi partiyalar parlamentdə yer qazanıb. Belə olan halda MSK-nın işini mövcud tərkiblə davam etdirməsi doğrudurmu? Ümumiyyətlə, hazırki situasiyada hansı addım atılmalıdır?

Yenisabah.az məsələyə aydınlıq gətirmək üçün Aydınlar Partiyasının sədri, birinci və ikinci çağırış Milli Məclisin deputatı Qulamhüseyn Əlibəyliyə müraicət edib. MSK ilə bağlı mürəkkəb situasiyanın yarandığını bildiriən keçmiş deputat bunu qanunun qeyri-dəqiqliyi ilə izah edib.  

“Həqiqətən də mürəkkəb situasiya yaranıb. Bu da qanundakı qeyri-dəqiqliklə bağlıdır. Qanunda birbaşa yazılıb ki, yeni parlament seçkilərindən sonra Milli Məclisin ilk iclaslarının birində MSK-nın tərkibi formalaşdırılmalıdır. Burada söhbət növbəti, yaxud növbədənkənar parlament seçkilərindən getmir. Yəni, qanunda bu məsələ dəqiqiliyi ilə qeyd edilməyib. 9 fevralda keçirilən parlament seçkiləri növbədənkənar idi. Amma axı tərkibdə ciddi dəyişiklik olub. İstər bitərəf deputatların kontingetində, istərsə də, siyasi partiyaların düzlüşündə ciddi fərqlər var. Bu da MSK-nın yenidən formalaşdırılmasını zərurətə çevirir. Digər tərəfdən isə mövcud tərkibin müddəti hələ başa çatmayıb”, - deyə Qulamhüseyn Əlibəyli vurğulayıb.

Partiya sədri hesab edir ki, MSK-nın müddəti başa çatmasa da, yeni tərkib formalaşdırılmalıdır. “Hesab edirəm ki, bu tərkiblə davam etmək doğru deyil. 5 il müddəti gözləməyə ehtiyac yoxdur, MSK yenidən formalaşdırılmalıdır”, - deyə o bildirib. 

9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində formalaşan Milli Məclisin artıq yaz sessiyası başa çatıb. Deputatlar payız sessiyasına hazırlaşır. Lakin yaz sessiyasında keçirilən iclaslarda MSK ilə bağlı məsələyə toxunulmayıb. Qeyri-rəsmi məlumatlara görə, seçki komissiyalarının yenidən təşkili parlamentin payız sessiyasında baş tuta bilər. Lakin buna zidd xəbərlər də var. Həmin xəbərlərdə MSK-nın təkrar seçkilərdən sonra formalaşacağı iddia edilir. 

Konstitusiya Məhkəməsi 80 saylı İmişli-Beyləqan, 74 saylı Lənkəran kənd, 35 saylı Xətai üçüncü və 33 saylı Xətai birinci seçki dairələrinin nəticələrini ləğv edib. 116 saylı Qəbələ seçki dairəsindən deputat seçilən Fəttah Heydərov isə dünyasını dəyişib. Beləliklə, 5 dairədə təkrar seçkilər keçirilməlidir. 

Qanunvericilikdə təkrar seçkilərin keçirilmə vaxtı ilə bağlı konkret müddəa yoxdur. Növbədənkənar parlament seçkilərindən sonra məlumat yayılmışdı ki, təkrar seçkilər may ayında keçiriləcək. Gözləntilər özünü doğrultmadı. Lakin burada siyasi motiv axtarmaq doğru olmazdı. Çünki mart ayından ölkədə koronavirus infeksiyasına qarşı mübarizə başlayıb, xüsusi karantin rejimi elan edilib. Mümkündür ki, təkrar seçkilər pandemiyadan sonra baş tutsun. Pandemiyanın isə nə vaxt bitəcəyi bəlli deyil. 

Bəzi mlühazilərə görə isə parlamentin yenilənməsinə baxmayaraq MSK-nın təşkilinin yubanması Məzahir Pənahovun karyerasının ömrünü bir qədər də uzatmağa xidmət edir. O, 2000-ci ildən MSK-nın sədridir.

MSK-nın tərkibi 18 üzvdən ibarətdir. Qurumun bütün üzvləri Milli Məclis tərəfindən seçilir.

Komissiyanın 6 üzvü Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü bitərəf deputatları, 6 üzvü isə parlamentdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir. 

1