Nankor olduqlarını bilə-bilə niyə onları ətrafına yığırdın?! - Eldar Namazovdan Ramiz Mehdiyevə sual

ÖLKƏ
12:20 / 11.09.2020
1510

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti, akademik  Ramiz Mehdiyevin “Təzadlar”a açıqlaması növbəti dəfə müzakirələrə səbəb olub.  Akademik dövri mətbuatda bəzi şəxslərin ona böhtan atdığını qeyd edərək, onları hədələyib:

“Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir- nankorluğudur… Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər”.

Ramiz Mehdiyev adlarını çəkmədiyi həmin şəxsləri məhkəməyə verəcəyini bildirib:

“Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün”.

Prezident katibliyinin keçmiş rəhbəri, politoloq Eldar Namazov Modern.az-a açıqlamasında Ramiz Mehdiyevin fikirlərinə münasibət bildirib. Onun sözlərinə görə, Ramiz Mehdiyevin hər yeni açıqlaması onu daha da pis vəziyyətə qoyur:

“Şübhə etmirəm ki, vaxtilə ona xidmət edən, yaxın olan bəzi adamlar indi Ramiz Mehdiyevə qarşı çıxıblar. Onlar da öz sözlərini söyləyirlər. Ramiz Mehdiyevin bəyanatından sonra sual yaranır: əgər sən bilirdinsə, bu adamların belə günahları var, əlində olan materilları açsan bunlar ölkədən qaçarlar, o zaman niyə zamanında bunlara himayədarlıq edirdin? Bu qədər nankorluq etdiklərini bilə-bilə niyə onları qoruyurdun, önə çəkirdin, öz ətrafına yığırdın?!”

Eldar Namazov deyib ki, Ramiz Mehdiyev hər şeyə hazır olmalı idi:

“Deməli, nankor  tipli insanlardan öz məqsədlərin üçün istifadə etməyə çalışırdın. Axı başqasına dönük çıxanları ətrafınıza yığanda bir gün onların sizə də dönük çıxacağını bilməliydiniz. Elə adamlar var ki, həmişə Ramiz Mehdiyevə yaxınlığı ilə seçiliblər. Mehdiyev günahlarını ört-basdır etmək üçün onlara köməklik edib.  Allah Heydər Əliyevə rəhmət eləsin. Bu mənzərəni görsəydi Ramiz Mehdiyevdən soruşardı: “Mənə qarşı nankorluq edənləri niyə müdafiə edib himayənə almısan, önə çəkmisən ki, indi də onlar sənin üzünə durublar?!.”. Ona görə də Ramiz Mehdiyev həmin adaların nankor olduğunu bilə-bilə onları himayə edib. Bu gün isə ona qarşı çıxdıqları üçün onlara nankor deyir”. 

1