Deputat “sözə baxmayan” gənc ailələri qınadı

ÖLKƏ
13:14 / 11.09.2020
729

Azərbaycanda boşanmaların sayının artması ilə bağlı məsələnin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması təklif olunub.

Bu barədə Oxu.Az-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib.

Sentyabrın 10-da həmin komitənin onlayn formatda iclası keçirilib. J.Əliyeva deyib ki, həmin iclasda boşanmaların vəziyyətinə dair müzakirələrin aparılması təklif olunub.

2018-ci ildə Azərbaycanda 14857, 2019-cu ildə isə 17148 boşanma qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir.

J.Əliyeva deyib ki, nikaha daxil olanlar mütləq nikah müqaviləsi bağlamalıdırlar.

Deputatın sözlərinə görə, nikah müqaviləsinin bağlanması insan hüquqlarının qorunmasının hüquqi təminatlarından biridir.

“Ailə quran insanlar mütləq nikah müqaviləsi bağlamalıdırlar. Bu, məcburi olmalıdır. Qanunvericilikdə bununla bağlı maddə əlavə olunmalıdır”, - deyə J.Əliyeva əlavə edib.

Millət vəkilinin fikrincə, nikah müqaviləsi olmayan ailələrdə yaranan problemlər nəinki ailənin təməlini sarsıdır, eləcə də, uşaqların gələcəyini sual altında qoyur.

J.Əliyeva boşanmaların sayının azalması üçün maarifləndirici işlərin çoxalmasının vacibliyini də vurğulayıb.

Parlamentari qeyd edib ki, bir neçə il əvvələ qədər gənc ailələr valideynləri ilə birgə yaşayırdılar.

“Həmin gənc ailələrdə problem yarananda böyüklərin tənbehi ilə qarşılaşırdılar. İndi isə gənc ailələr ayrı yaşayırlar və çox müstəqil olublar, nəzarətdən, böyüklərin tənbehindən uzaqlaşırlar. Ailə ənənələrini dirçəltmək və yaxşı mənada yeniləmək lazımdır”,-deyə J.Əliyeva boşanmalardakı artım tempinin azalması üçün təklif səsləndirib.

Deputat onu da söyləyib ki, ailə təməllərinin gücləndirilməsi barədə videoçarxlar hazırlanmalıdır. Həmçinin yaradıcı, ziyalı insanların boşanmalarla bağlı öz sözünü deməsi də əsasdır.

2