“Bakı Metropoliteni” QSC sərnişinlərə müraciət edib.
HİT.Az-ın məlumatına görə, müraciərdə sentyabrın 14-də metro açıldıqdan sonra ondan istifadə şərtləri açıqlanıb.
Şərtlər aşağıdakılardır:
- Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 14 sentyabr 2020-ci il səhər saat 06:00-dan bərpa olunur. Bakı metropoliteninin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq.
- Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
- Texniki imkanlar nəzərə alınmaqla, qatarların hərəkəti maksimal hərəkət qrafiki ilə təmin olunacaq.
- Əlil arabalarından istifadə edən sərnişinlərin daşınması xidmətinin fəaliyyəti bərpa ediləcək.
- “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda mütləq qaydada tibbi maskalardan istifadə edilməli və sosial məsafə gözlənilməlidir. Tibbi maska taxmadan metropolitendən istifadə qadağandır! Sərnişinlərin diqqətinə çatdırılır ki, tibbi maska ağız və burun boşluğunu tam örtməlidir.
- Tibbi maskadan istifadə olunmamasına görə müvafiq qaydada inzibati məsuliyyət tətbiq edilir.
- Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan istifadə etməsi tələb olunacaq.
- Stansiyalara daxil olan sərnişinlərin hərarəti, seçmə qaydada olmaqla, müvafiq tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq.
- Sosial məsafənin qorunmasını, tibbi maskadan istifadəni, sanitar-gigiyenik qaydalara riayət olunmasını təmin etmək məqsədilə sərnişinlərin audio, vizual, statik məlumatlandırılması üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq, zərurət yarandığı halda, sərnişinlərin rabitə vasitələri və səsucaldanlarla məlumatlandırılması təmin olunub.
- Bakı metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün şərait yaradılıb.
- Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olmasını təmin etmək məqsədilə istiqamətləndiricilər qoyulacaq. Bunu nəzərə alaraq, sərnişinlərdən stansiyalara daxil olarkən tibbi maskadan düzgün istifadə etməklə sosial məsafə saxlamaları və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.
- Stansiya və qatarların dezinfeksiya olunması əvvəlki qaydada müəyyən edilmiş qrafik üzrə təmin ediləcək.