“Kontakt Home”-dan yeni fırıldaq: Məhsul alarkən diqqətli olun

ÖLKƏ
21:00 / 11.09.2020
1119

"Kontakt Home”a dair müştəri şikayətləri bitmək bilmir.

HİT.Az Yenicag.az-a istinadla xəbər verir ki, sözügedən şirkətdən məhsul alanların yarıdan çoxu narazıdır.

Bu müştərilərdən biri də Fuad Əliyevdir. O, bir müddət əvvəl Bakıda yerləşən "Kontakt Home” mağazasından "Huawei Mobile” modelli təzə telefon alıb. Lakin telefonu aldıqdan 5 gün sonra qulaqcıqla musiqi dinləyərkən səs qəribə tərzdə çıxmağa başlayıb. Bir gün sonra isə səs tamamilə çıxmayıb.

Nəticədə müştəri 28 May küçəsində yerləşən filiala yollanıb:

"Təxminən yarım saat, 40 dəqiqə içində hər cür yoxlayıb, düzəltməyə çalışdılar, sonra dedilər ki, yox, düzəlmir, servisə aparın. Mən də dedim, 14 gün ərzində hüququm var ki, qaytarım və ya dəyişim. Dedilər, yenə də servisə getmelisiniz ki, akt tərtib elesinler. Aldığım mağazaya qaytara bilmədiyim üçün (?) məcbur olub o qədər işimin arasında vaxt eləyib getdim servisə ki, "az pul deyil, batası deyil ki, dəyişdirim, başqasını götürüm”.

Servisdə dedilər ki, başqa telefon olsaydı, diaqnostika 30-40 dəq çəkəcəkdi, amma "Huawei” rəsmi şirkətdir ona görə 1 həftə olacaq. Düzü, rəsmi şirkət arqumentini təbii ki, başa düşmədim. Uzun sözün qısası, telefonu diaqnostikaya götürən bir gülərüz xanım idi və başqa telefonun işığı ilə telefonu hər tərəfli yoxladı. Nəticədə ekranda çoxsaylı cızıqlar, konnektorda sürtünmə və ən əsası da telefonun kənarında xırda içəri batıq aşkarlandı. Diqqətlə baxanda bilmək olur ki, bu cür içəri batıq ancaq və ancaq hansısa kəsici alət zərblə telefona çırpılsa ola bilər. Mən heç özüm bunu görməmişdim və qızın aşkarladığı şeylər həqiqətən də düz idi, mən də baxdım ki, elədir. Qız soruşdu ki, telefonu vitrindən almısınız? Dedim ki, yox, satıcı onu çəkməcədən götürdü.

Məsələ budur ki, telefon 6 gün ərzində heç xalçaya belə düşməyib ki, xəsarət alsın. Telefonu alanda satıcı oğlan telefonun yapışqanlarını belə gözümün önündə açdığına görə telefonun təzə olduğuna əmin idim və korpusunu hərtərəfli yoxlamamışdım. Beləliklə, telefonun mən tərəfdən heç bir zədə, xəsarət alma ehtimalının olmadığına əmin olduğum üçün belə qənaətə gəldim ki, "Kontakt Home” çox güman ya refurbish olunmuş, yəni əvvəllər xarab çıxıb qaytarılmış və düzəldilmiş, ya yaxın keçmişdə vitrində olmuş və zədə görmüş, ya da elə az işlənib, qaytarılmış telefonu mənə satıb. Az ehtimal verdiyim bir variant da var ki, telefonu mağazaya birinci dəfə apardığım zaman satıcılara 30-40 dəqiqə yoxlamağa verdiyim vaxt hər saniyə gözümün qabağında olmayıb deyə mən görmədiyim vaxt təsadüfən necəsə xəsarət yetiriblər”.

"Kontakt Home”dan ciddi şəkildə narazılığını bildirən Fuad Əliyev digər müştərilərin sözügedən mağazalara üz tutmamasını istəyir. O, vətəndaşları "Kontakt Home”dan məhsul alarkən diqqətli olmağa çağırıb.

2