Azərbaycanda koronavirusun ikinci dalğası olmaya bilər

ÖLKƏ
12:33 / 12.09.2020
734

Bütün dünyada, eləcə də Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı ilə bağlı fikirlər səsləndirilir. Hətta Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edərək ölkələrə ikinci dalğaya hazır olmağı məsləhət görüb. Azərbaycanda ikinci dalğa nə zaman başlaya bilər?

Bununla bağlı konkret.az-ın sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, Azərbaycanda hələ birinci dalğa bitməyib:

“Ona görə də o ehtimaldan danışmaq düzgün olmazdı. Gərək birinci dalğa tam sönə ki, biz ikinci dalğadan danışaq. Əgər yoluxanların sayı artsa belə ikinci dalğa olmayacaq. Ən böyük problem soyuqdəymə xəstəlikləri ilə bağlı olacaq. Hazırda dünyada bu sahədə işlər görülür. Azərbaycan da müəyyən problemlərə və sürprizlərə hazır olmalıdır. Maska taxmaq payız vaxtı müxtəlif soyuqdəymə xəstəliklərindən qoruya bilər. Təəssüf ki, payızda bu xəstəliklərin sayı xeyli artır. Mənim yadımdadır, bir neçə il öncə xeyli insan müxtəlif xəstəxanalarda qrip adı ilə respirator çatışmazlığından dünyasını dəyişib. Ona görə də payız fəslində maska taxmaq və dezinfeksiya məhlullarından daim istifadə etmək lazımdır”.

Adil Qeybulla fikrini belə tamamlayıb:

“Qaldı ki, ikinci dalğa məsələsinə, bunun üçün öncə birinci dalğa sönməlidir. Yəni yoluxanların sayı 1-ə, 2-yə düşməlidir. Amma bu proses bizdə görünmür. Yoluxanların sayı hələ ki, 200-ə yaxındır. Ona görə də birinci dalğa sönmədən, müəyyən fasilə yaranmadan ikinci dalğadan danışmaq tezdir. Ola bilsin ki, bizdə heç ikinci dalğa olmasın”.

0