İngilis dili müəllimim yaşlı bir professordur. Həftədə bir dəfə bizimlə ingilis dilində söhbət aparır. Özü də könüllülük əsasında, yəni pulsuz dərs keçir. Professorun bir tərəfi ingilisdir, o biri tərəfdən isə isveçrəlidir. Özünü daha çox ingilis sayır...
Keçən dərsdə Britaniya demokratiyasından xeyli söhbət etdi, Britaniya mətbuatını, xüsusən "BBC"ni dünyanın ən namuslu mətbuat mərkəzi kimi xeyli təriflədi. Sonra diktatorları pislədi. Korrupsiyaçı və rüşvətxor tiranları bəşəriyyətin düşməni adlandırdı. Sonra öz çıxışına mənim münasibətimlə maraqlandı. (Bilir ki, mən jurnalistəm)
Dedim ki, özünüz etiraf edirsiz ki, diktatorlar xalqın var-dövlətin oğurlayır. Bəs, diktatorlar oğurluq pulları harada gizlədirlər? Çirkli pullar hansı ölkələrdə yuyulur? Mən bilən, diktatorlar Britaniyaya məxsus 3-4 ada üzərindən oğurladıqları pulları leqallaşdırıb nəhəng kommersiya imperialları qururlar. Əslində Britaniya, bütövlükdə isə Qərb diktatorları sözdə lənətləyir, əməldə isə onlara qucaq açır...
Aşkar şəkildə professorun rəngi qızardı. Ancaq həqiqəti etiraf etməli oldu. Dedik ki, Britaniyanın belə işləri də var. Və bu, doğru iş deyil...
Bizə dərs deyən ikinci müəllimə isə son dərəcə gənc bir isveçrəli qızıdır. O, ABŞ-da siyasətin fəlsəfi aspektləri ilə bağlı təhsil alıb. Söhbətə müdaxilə etdi. Dedi ki, anqolo-sakson kapitalist sistemi dünyada dominant mövqeyini qoruyub saxlamaq üçün mediadan geniş şəkildə istifadə edir. İnsanların beynini yumaqla onları aldadırlar. Britaniya mətbuatı da anqolo-sakson maraqlarının müdafiəsində durub. Ona görə də Britaniya mətbuatı müstəqil hesab oluna bilməz...
Latın Amerikasından gələn öyrəncilər isə baltanı lap kökündən vurdular. Məlum oldu ki, sinifdə Britaniya demokratiyasına inanan və ya ona simpatiya bəsləyən tək adam elə qoca professordur...
Hamını dinlədikdən sonra professor dedi ki, siz hələ də Britaniyanı müstəmləkəçilik keçmişinə görə ittiham edirsiz. İndi vəziyyət tamam başqa cürdür.
Pərt olmuş professora lap yazığım gəldi...
Elbəyi Həsənli
İsveçrə