Azərbaycanda sərt karantin rejiminin yumşaldılmasından sonra bəzi sahələr üzrə qadağalar hələ də davam edir.
Belə sahələrdən biri də məscidlər, ibadət ocaqları və ziyarətgahların bağlı qalmasıdır.
Ölkədə ibadət ocaqları bağlı qaldığı üçün inanclı vətəndaşlar məscidlərin açılacağı günü səbrsizliklə gözləyir. Bu arada Azərbaycanla qonşu ölkələrdə məscid və ibadət ocaqlarının fəaliyyətinə müəyyən şərtlərlə icazə verilib. Artıq bir neçə aydır ki, maska və dezinfeksiya vasitələrdən istifadə edərək insanlar ibadət ocaqlarında fərdi ibadətlərini yerinə yetirirlər.
Bəs, Azərbaycanda məscidlərin müəyyən şərtlərlə açılması nə baş verməcək? Millət vəkili Fazil Mustafa BAKU.WS-ə açıqlamasında bildirdi ki, Azərbaycanda məscidlər açılmalıdır: "Təbii ki, pandemiya şəraitində cümə namazları qılınmamalıdır. Çünki kollektiv şəkildə qapalı məkanda insanların yoluxma riski böyükdür. Bu səbəbdən cümə namazları bir müddət qılınmamalıdır.
Nəzarət olunan qaydada insanların fərdi ibadət etməsi üçün isə şərait yaradılmalıdır. Məscidlərin açılması Türkiyədə də reallaşdırılıb və praktikada bu normal və təhlükəsiz formalardan biri kimi qəbul edilir. Məscidləri uzun müddət qapalı saxlamaq inanclı insanlar üçün müəyyən dərəcədə mənəvi narahatçılıq yaradır.
Məscidlərin müəyyən şərtlər əsasında açılması üçün həm Qafqaz Müsəlmanları İdarəsi (QMİ), həm də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi müraciət edə bilər və Operativ Qərargah da məsələni araşdırıb vətəndaşlar üçün normal şərait yarada bilər".