Bərdədə doqquz mərtəbəsi olan yalnız bir bina var. Bina bir olsa da, problemləri heç də az deyil. Sakinlər illərdir ki, işləməyən liftin yaratdığı narahatlıqdan əziyyət çəkirlər.
Baku TV mövzuyla bağlı süjet hazırlayıb.
Heydər Əliyev prospektində yerləşən bina 1986-cı ildə tikilərək sakinlərin ixtiyarına verilib. Yaşayış binasına bir lift quraşdırılıb ki, yuxarı mərtəbədə yaşayanların rahatlığı təmin edilsin. Amma hazırda fəaliyyətsiz qalan lift insanları narahat edir.
Yaşlı və xəstə insanların vəziyyəti isə daha acınacaqlıdır. Təmiz hava almaq üçün binanın həyətinə düşən sakinlərin evinə qayıtması müşkülə çevrilib.
Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara mövcud vəziyyətlə bağlı dəfələrlə müraciət etsələr də, bu günə qədər problem həll olunmayıb.
Məsələdən xəbərdar olan Bərdə Mənzil Kommunal İstismar Sahəsindən bildirdilər ki, sözügedən binanın liftinin təmiri ilə bağlı dövlət büdcəsindən vəsait ayrılsa da, lift istismar müddətini başa vurduğu üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təmirə icazə verilmir. Doqquzmərtəbəli yaşayış binasını yeni liftlə təmin etmək üçün aidiyyəti üzrə dövlət qurumlarına müraciət edilib. Yaxın zamanlarda liftinin yenilənməsi nəzərdə tutulub.