Vaqonların sayı artırılsın, vaxt intervalı qısaldılsın - Baş infeksionistdən təklif

ÖLKƏ
19:16 / 14.09.2020
914

“Metropolitendə nəzarəti gücləndirmək vətəndaşların sağlamlığının qorunmasını tam şəkildə təmin etməyəcək. Yəni sərnişinlərin sağlamlığının təmini onların birbaşa olaraq özlərindən asılıdır”.

Bu fikirləri Publika.az-a danışan baş infeksionist Cəlal İsayev deyib.

O bildirib ki, əgər insanlar çoxdursa və sıxlıq varsa, sərnişinlər gözləməli və az sayda adam olan vaqonlardan istifadə etməlidirlər:

“Hər şəxsin yanında bir nəzarətçinin olması qeyri-mümkündür. Metropolitendən sadəcə vaqonların sayının artırılması tələb oluna bilər. Əlavə vaqonlar sərnişinlərin istifadəsinə verilərsə, sıxlıq da azalar. Bundan əlavə, təklif edirəm ki, metroda vaxt intervalı qısaldılsın. Vaqonlar tez-tez gələrsə, sərnişinlər də qısa müddətdə daşınacaq və heç bir sıxlıq yaranmayacaq. Əsas vətəndaşlar göstərilən qaydalara əməl etməlidir”.

C.İsayevin sözlərinə görə, bəzi şəxslər qatar gözləyəndə və ya vaqonun içərisində maskasız gəzir: “Bu isə virusun yayılmasına şərait yaradan səbəblərdən biridir. Bütün hallarda sərnişin özünü qorumaq nöqteyi-nəzərdən ən önəmli faktordur. İstər pik saatlar olsun, istərsə də sərnişin az olsun və ya heç olmasın, yenə də qaydalara əməl olunmalıdır. Vaqon boş olsa belə, ora qapalı məkan olduğu üçün maskadan istifadə etmək, dezinfeksiya tədbirlərinə əməl etmək lazımdır. Vaqondakı tutacaqlardan hər kəs istifadə edir. Ona görə də qatarı tərk etdikdən sonra əlləri mütləq spirtləmək lazımdır”.

 

0