Oqtay Gülalıyevdən xəbər var: “Sərbəst nəfəs alır...”

ÖLKƏ
16:03 / 14.09.2020
865

Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində 11 aydır koma vəziyyətində olan və 4 əməliyyat keçirən hüquq müdafiəçisi Oqtay Gülalıyevin İstanbulun Amerika Xəstəxanasında müalicəsi davam edir.

Hüquq müdafiəçisinin səhhətində irəliləyişlər var. Bu barədə Cebhe.info-ya Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib.

Onun sözlərinə görə, atası artıq ağız və burnu ilə sərbəst nəfəs ala bilir:

“Atam İstanbulda Amerika Xəstəxanasında müalicə olunur. Özü sərbəst şəkildə ağız və burnu ilə nəfəs alır. Son zamanlar sağ qolunda hərəkətlər yaranmağa başlayıb. Həmçinin baxışlarında irəliləmənin olduğunu hiss etmək mümkündür”.

Oqtay Gülalıyevin başqa xəstəxanaya köçürülməsinə gəlincə, oğlu bu barədə hələ düşünmədiklərini bildirib: “Hələ bu xəstəxanada müalicəsini davam etdirməsi fikrindəyik. Köçürməyi düşünmürük”.

Qeyd edək ki, hüquq müdafiəçisi qəza nəticəsində aldığı kəllə-beyin travmasına görə 4 dəfə əməliyyat olunub. Ən son isə iyunun 25-də Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında həkimi Mehdi Sasani tərəfindən əməliyyat edilib. Başının sol beyin hissəsinə plastik kəmik sümüyü qoyulub və qəzadan bu yana açıq qalan beyinin həmin hissəsi örtülüb. Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-u axşam saatlarında Bakıda minik avtomobili vurub.

Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-da Bakıda əməliyyat olunub. Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Daha sonra Heydər Əliyev Fondunun yardımı ilə noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və "Avrasiya" xəstəxanasına yerləşdirilib. Bir müddət orada müalicə alan hüquq müdafiəçisi sonra İstanbulda yerləşən “Amerikan Xəstəxanası”na köçürülüb. Oqtay Gülalıyev 11 aydır ki, komadadır.

0