Cahangir MƏMMƏDLİ
BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
Yaşı səksəni keçmişdi, amma elə cavanlıq vaxtlarındakı kimi yazmağında, pozmağında idi. Lap cavanlıq vaxtlarından yazılarını əvvəlcə sanki yatdığı otaqda, çarpayısının üstündən tavana danışırdı, hekayələrin, romanların, pyeslərin, esselərin bütün süjetini səhər o başdan hazır edib sonra yazıya köçürürdü.
Əli qələm tutandan bu günədək o qələmi heç vaxt yerə qoymamışdı. Son illər qələmi əvəz eləyən kompüter klaviaturalarına da elə qələm deyirdi, elə bil ömrünün ən məhsuldar vaxtlarında onunla birgə olan və ona heç vaxt dönük çıxmayan qələmi və qələm sözünü yeni texnalogiyaya dəyişmək istəmirdi. Bu qələm sözü ona həm də çox yaraşırdı. "Qələm əhli" sırasından idi və onun heç vaxt yerə qoymadığı o qələmdən çıxan ilk hekayədən tutmuş, bir vaxtlar məcburən Türkiyədə uzunmüddətli səfərdə olanda yaratdığı romanına qədər bütün əsərlər oxucuların, ədəbi tənqidin diqqətində oldu.
İçində Vətən, millət sevgisi gəzdirdi. Bu sevgi klassikaya olan marağından doğmuşdu. Dədə Qorqudu, Mirzə Fətəlini, Mirzə Cəlili babası, atası, qardaşı, oğlu, nəvəsi qədər sevdi. Dədə Qorqudu müntəxabatlardan çıxarıb vizuallaşdırdı, filmə çevirib min ilin bu müdrik kəsini yenidən el adamına çevirdi. Lap cavan çağlarında ilham aldığı Mirzə Cəlilin Qoca Şərqə yayılmış "Molla Nəsrəddin" jurnalının məzələrini 66-cı ilə gətirib özü də bu məzələrə - məzə-dərdlərə bir dəstə nəzirə yazdı. Zamanında, elə o 66-nın özündə də Mirzə Cəlili anlamaq istəməyənlərə üzünü tutub anlamaq dərdinin ağırlığını qələmə aldı. Mirzə Cəlilin və dostlarının dünyaya açıq gözlə baxdıqları nöqtəni qəm pəncərəsi kimi xalqa göstərdi. Bu qədər qələm sərf etdi, amma heç vaxt o sevdiyi qələmi yerə qoymadı. Məhəbbətin dünəndən sabaha gedən super müasir təbiətini beşmərtəbəli evin altıncı mərtəbəsinə, hələ çoxlarının görə bilmədiyi mərtəbəyə qaldırdı...
Çox idi belə romanlar, povestlər, hekayələr, pyeslər. Ömrünün lap ahıl çağında onları toplayıb on cildə saldı və gələcəyə yadigar kimi nəşr elətdirdi. Bu on cildlik kitablarda dünənimiz vardı, bu günümüz var, sabahımız var. Amma o dünən də bu günə bağlıdı, o bu gün də bu günə bağlıdı, o sabah da elə bu günün özüdü...
İndi bir koronavirus deyilən bir "tətil" başlamışdı. O yazıçının çox sevdiyi, çantasını çiyninə salıb sanki heç kimi görmürmüş kimi küçələrindən keçib getdiyi, gecələrin yarımçıq sujetlərini bitirib getdiyi bu küçələrində tamamladığı şəhər bomboş idi. Bu bomboşluğu pəncərəsi şəhərin ən böyük meydanına - "dom sovet"ə baxan evindən görürdü, çox vaxt etinasız yanaşdığı telekanalların hay-küy yaradan, pandemiyanın özündən də artıq onların yaratdığı panikadan hiss edirdi. Onun üçünsə haçansa qələmə aldığı bir yaxşı padşahın ideoloji şüarlarından da mənasız görünən "evdə qal!" loqosu müdrik bir məzmun daşıyırdı. O, heç vaxt evdə qalmağa öyrəşməmişdi. Qışın qış vaxtında, şəhərin yay günlərində dolaşdığı bu küçələrin boşluğundan indi vahiməyə düşürdü. Bu tətil günlərindən əvvəl iş otağında "evdə qal"dan da çox otururdu, amma o iş otağının qapısından girib-çıxan, yeni kitabını, yeni əsərini göstərən, ondan Prezident təqaüdü tələb edən, kitabının yeni təqdimatını keçirmək istəyən yazıçılar, şairlər onu darıxmağa qoymurdular. İddialı təzə yazanlar, bu təzə yazanların klassikanı lağa qoymaları, artıq qocalmağa doğru gedən bu sənətkarı darıxmağa qoymurdu. Artıq neçə illərdi bu təzə yazanlar nə millət, nə milli-mənəvi dəyərlər tanıyırdılar, nə ömrünü millətə həsr edən, öz əsərləri ilə tarixə çoxdan çevrilmiş bu insanın adi bir telefon predmetini, gürcü soyadına bənzər kamikadzeni şedevrə çevirmiş bu yazıçını hərcayı sms-lərlə lağa qoyurdular. Amma bunların heç biri qoca yazıçını işdən soyutmurdu. O, özgə ölkələrə səfərlərində gecələdiyi otel otağında da, bəzən tənha qaldığı iş otağında da yazılarını yazmaqdaydı. Bircə bu koronavirus! Bircə telekanalların efirə yapışdırdıqları bu "evdə qal!" trafaret nidası, deyəsən, qoca yazıçının bütün sujetlərini əlindən almışdı. Amma heç nə eləmək olmazdı. Bu "evdə qal" nidası dövlətin də, sosial sifarişin də tələbi idi və heç vaxt heç bir qanunu pozmamış yazıçı bu qanunu da poza bilməzdi...
Dəfələrlə çıxdığı balkona yenə çıxdı. Üzü şəhərin ən böyük meydanına baxan pəncərəsindən həsrətlə şəhəri seyr etdi. Heç nə dünənkinə oxşamırdı. Bu pəncərənin qarşısındakı meydanın maşın seli qeybə çəkilmişdi. Bu meydanda dolaşan adamlar, bəzən heç kimdən pəksinməyib oturduğu skamyada qucaqlaşan sevgililər...heç nə, heç kim gözə dəymirdi. Yazıçı gözünü uzaqlara zillədi. Xəzərin suları da rəngini dəyişmişdi. Dənizin mavi suyu qara rəngə çalırdı və yazıçı gözlərinə inanmadı. Dənizin sol tərəfinə göz gəzdirdi, bir zamanlar ona ilham verib, ayrıca bir povestə obyekt olmuş ağ liman qara rəngə çalırdı. O zamankı ağappaq ağ gəmilər qara rəngi ilə ağır bir ovqat yaratdı. Qoca yazıçı bir az dünyadan, bir az gözündən şübhələnib iş otağına qayıtdı. Otağın rəngi, yazı masası, kitab rəfləri... hər şey öz rəngindəydi. Və birdən yazıçı özünün haçansa qələmə aldığı bir povesti xatırladı. O povestdə əlaqələr dəyişmiş, hər şeyi başqa rəngdə görən, hətta mindiyi liftin binanın beşmərtəbəli olmasına rəğmən çox-çox dərinliyə, mövcud olmayan neçə mərtəbə dərinliyə düşməsinə təəccüblənən oğlanı xatırladı və "olur belə şeylər" -deyib, neçə gündən bəri yadırğadığı yazı masasının arxasına keçdi. Neçə illərin qələminə qərib duyğularla nəzər saldı və özünün də inanmadığı bir işə qol qoydu: telefon klaviaturasında necə yazmaq keçdi fikrindən. Əlbəttə, qoca yazıçı özünün iyirmi ildən bu yanakı yazılarını elə iyirmi il idi ki, komputerdə yazırdı. Bu hekayələri, povestləri, romanları elə o komputerdə özü formata salıb redaksiyalara, nəşriyyatlara göndərirdi. Bunu hamı bilirdi. Hamı bilirdi ki, ahıl yaşına baxmayaraq, bu yazıçı heç vaxt yeni texnologiyadan narahatlıq keçirməyib. Bircə bu vardı ki, dostları, tanışları "sosial şəbəkə" deyilən virtual məkanda indiyədək bir dəfə də olsun onun özünü, sözünü, başqalarının aludə olduğu statusunu görməmişdilər. Yazıçının "sosial şəbəkə" deyilən bu virtual məkandan zəhləsi gedirdi və şəbəkəni "şəbədə" adlandırıb ora qoşulmurdu.
Üzü dənizə baxan pəncərəsindən gördüyü şəhərin, onun küçələrinin boşluğundanmı idi, ya mavi dənizin rənginin dəyişməsindənmi idi, ya ağ limanın qap-qara qaralmasından idimi - hisslərini cilovlayıb mobil telefonu əlinə aldı və ömründə ilk dəfəydi ki, qısa bir cümlə yazdı: "Bu koronavirusdan sonra saysız-hesabsız romanlar yazılacaq, filmlər çəkiləcək". Bu qısa statusu virtual aləmə göndərməyinə özü də təəccübləndi və telefonu bağlayıb yatağında uzandı. Bir az keçdi, otağın zəif işığında gözlərini tavana zillədi. Dəqiq bilirdi ki, səhərədək gözünə yuxu getməyəcək. Çünki virtual aləmə göndərdiyi bu ilk və bəlkə də sonuncu cümlə onu yatmağa qoymayacaqdı.
Səhəri dirigözlü açdı. Tavana diqtə etdiyi romanın bütün detalları gözünün qabağındaydı. Bu romanı bir filmə də çevirmək olardı, dram faciəsinə də. Əsası bu idi ki, onun roman variantı hazır idi. Düşüncələrində dünyanı dəyişmiş, bəşəriyyəti saldığı bəlalarla öyünən bu virusun ötən aylarda onun millətinə də vurduğu zərərin, gətirdiyi faciələrin detalları canlanırdı. Amma qoca yazıçının bütün əsərlərində, hətta haçansa ağır, təhlükəli illərin - 37-nin repressiyasını özü belə yaradıcılığının əsas meyarı olan estetik idealın təntənəsi ilə başa vurmuşdu. Bu romanın da beynində tam hazır olan süjetinin sonu qoca yazıçının millətə vəsiyyət kimi qələmə aldığı estetik idealla bitirdi. Yazıçı bütün bunları bir də düşüncələrindən keçirib səhərin alatoranında romanın son nöqtəsini qoyub imza atdı: ANAR