“Əziz şagirdlər, tələbələr, müəllimlər və valideynlər! Dövlət başçımız tərəfindən pandemiyanın yayılmasının qarşısının alınması və təsirinin məhdudlaşdırılması istiqamətində mühüm qərarlar verilib. Hökumətimiz tərəfindən bu sahədə bir sıra səmərəli tədbirlər həyata keçirilməkdədir”.
HİT.Az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə yazıb.
O, hər kəsi “Bilik günü” münasibətilə təbrik edib:
“Görülmüş tədbirlər nəticəsində təhsil ilimizi və tədrisimizi ehtiyatla və inamla bərpa edə bilirik. Bildiyimiz kimi, karantin rejimində təhsil müəssisələrində tədrisin və təlim-tərbiyə prosesinin təşkili üzrə müvafiq qaydalar və təlimatlar hazırlanıb. Mövcud şəraitdə tədrisin bərpası və uğurlu davamı, təhsil sisteminin bütün iştirakçıları, o cümlədən şagirdlər, tələbələr, müəllimlər və valideynlərin bu qaydalara və təlimatlara riayət etməsindən asılı olacaq.
Yaranmış çətinliklərin öhdəsindən yalnız bir-birimizə dəstək olaraq gəlmək olar. İnanıram ki, hamılıqla qaydalara riayət etməklə hər bir şagirdin təhsilinə nail olacağıq. Yeni tədris iliniz mübarək olsun”.