“Karqo Şamil” ləqəbli iş adamı Şamil Heydərov AMEA prezidenti Ramiz Mehdiyevlə yaxın şəriklik münasibətlərinə malikdir. Şamil Heydərovun iş adamı kimi yüksəlməsində Prezident Adminstrasiyasının keçmiş rəhbərinin böyük rolu olub”.
Bu barədə informasiya Editor.az-a məlumatlı mənbələrdə daxil olub. Mənbə iddia edir ki, Şamil Heydərovun şirkətinə məxsus ümumilikdə 27 hektardan ibarət olan Lökbatanda yerləşən “Cənub Qapısı” yaşayış kompleksi iş adamı ilə Ramiz Mehdiyevin ortaq şərikliyi ilə tikilib. Bir qədər də dəqiqləşdirsək, kompleksin tikildiyi 27 hektar ərazinin 22 hektarı keçmiş Adminstrasiya rəhbərinin həyat yoldaşı Qalina Mehdiyevanın adına rəsmiləşdirilib: “Bu ərazi zamanında Şirin adlı iş adamından müxtəlif yollarla çox aşağı qiymətə alınıb və Mehdiyevin həyat yoldaşının adına keçirilib”-deyə, mənbə iddia edir.
İddialara görə, bu yaşayış kompleksindəki mənzillər Ramiz Mehdiyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin planına salınıb və dövlət layihəsi əsasında oraya Qarabağ Əlilləri və Şəhid ailələri köçürülüb: “Bu zaman da mənzillər real dəyərindən dəfələrlə baha qiymətə dövlət orqanına satılıb”.
İddialara görə, bu proses zamanı o zamankı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla müavini arasında hədiyyəlik saat qalmaqalı da yaşanıb.
Səslənən ittihamlarla bağlı Editor.az-ın əməkdaşı iş adamı Şamil Heydərovun vəkili Ceyhun Yusifovla əlaqə saxlayıb. Vəkil “Karqo Şamil” ləqəbli iş adamı ilə Ramiz Mehdiyevin şərikliyi ilə bağlı iddiaları təkzib edib: “Tamamilə yalan və uydurmadır. Şamil Heydərov gör nə vaxtdan Şamil Heydərovdur… O, 5 min nəfərə iş yeri verir. Biz öz sahibkarımızı qorumalı, şər böhtandan uzaq tutmalıyıq”.
Daha ətraflı videomaterialda: