Şəmkirdə şəhid üçün tikilən evi söküb yerində məscid tikmək iddiasında olan şəxs saxlanılıb.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, sentyabrın 14-də Şəmkir rayon İcra Hakimiyyətindən rayon Polis Şöbəsinə daxil olan müraciətdə qeyd olunub ki, rayonun Dəllər qəsəbəsində İcra Hakimiyyəti tərəfindən ayrılan torpaq sahəsində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Zaur Abbasovun həyat yoldaşı, 2-ci qrup əlil, Minayə Abbasova üçün tikilən fərdi yaşayış evini qəsəbə sakini Edqar Osmanov sökərək, həmin ərazidə məscid tikdirəcəyini iddia edərək öz hüquqazidd əməllərini çəkərək bir sıra sosial şəbəkələr və xəbər saytlarında paylaşıb:
“Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları dərhal həmin əraziyə gələrək E.Osmanovla izahedici-profilaktik söhbətlər aparılmasına baxmayaraq sonuncu, qanunsuz əməllərinə davam edərək polisin qanuni tələblərinə tabe olmayaraq cəmiyyətə açıqca hörmətsizlik edərək qanunsuz əməllərini gələcəkdə də davam etdirəcəyini bildirib. Buna görə də Edqar Osmanov polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib və onun barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Osmanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət) və 535.1 ( Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib”.