Üzeyir Hacıbəylinin publisistikasını oxuyarkən onun analitik qabiliyyətinə heyran olmamaq mümkün deyil. Ən gənc yaşlarından başlayaraq yazılarındakı təhlil, proseslərə orijinal və iti zehnli baxışı yaşlı analitik filosofların belə diqqətini çəkə biləcək səviyyədədir.
1909-cu ildə yazdığı “Təəssüflər olsun” adlı yazıda müəllif maraqlı bənzətmələr edir. O, müasiri olduğu müsəlmanların inkişafını uşağın yeriməyə başlamasına bənzədir:
“Hərgah millətlərin tərəqqisini, yəni qabağa getməsini əvvəlcə bilən bir ölçü olsa idi və o ölçü ilə biz müsəlman millətinin qabağa getməsi ölçülsə idi, onda məlum olardı ki, biz bir addım qabağa, iki addım dala, dörd addım qabağa, üç addım dala, iki addım dala beş addım qabağa eyləyə-eyləyə qabağa gedirik. Bir gəlmə, bir tazə yerimək öyrənən uşağa oxşayırıq ki, bir addım atıb sonra yıxılır, durub bir addım daha atır, amma ayaqları bir-birinə dolaşıb yenə yıxılır, yenə durur, addım atır, bədəni ağırlıq edib yıxılır, durur və i. a.”
Bunun səbəbini uşaqların əzasının cismani qüvvətsizliyində görən müəllif, bu fizioloji qüvvətsizliklə cəmiyyətin öndəgedənlərinin mənəvi qüvvətsizliyi arasında paralel apararır. Onun fikrincə işlərimizin başında duran adamlarda səmimiyyət, fəaliyyət, cürət və şövq çatmır.
Eyni ildə qələmə aldığı “Xəbərdarlıq” adlı yazıda Üzeyir bəy təhsilin və ümumiyyətlə elmin ayrı-ayrı sosial qruplar arasında təbliğinin xüsusiyyətindən söhbət açır və praktik tərəflərin aydın nümunələrlə göstərilməsinə vurğu edir:
Bir çox kəndlilər öz uşaqlarını məktəbə qoymayırlar ki, uşaq çöl işi üçün lazımdır. Bir surətdə ki, məktəb həman çöl işini uşağa gözəlcə öyrədə və atası uşağın elmindən mənfəət götürə, o ata övladının oxumamağına razı olarmı? Elm və maarifin fəzilətini kənd əhlinə nəsihət ilə qandırmaq çətindir, ona göz ilə göstərmək lazımdır. Kəndli bir o qədər zəhmət və məşəqqətlə becərdiyi baramanın, taxılın, arının, bağ və bostanın məktəbdə öyrənilən tazə üsul sayəsində iki-üç qat artıq məhsul verdiyini gözü ilə gördükdə məktəbi özü üçün bir mənbəi-nəcat bilməzmi və «elmi-cədidə haramdır» sözünə baxarmı?
“Tərəqqi” qəzetinin 1910-cu ilin 1 yanvar sayında dərc olunan “Öz qədrimizi bilmirik” adlı yazısında indiyə qədər öz aktuallığını saxlayan sual qoyur:
Nədəndir ki, Yevropada hədsiz adamlar çıxır ki, öz ağıl, fərasət və qabiliyyətləri ilə dəyil yalnız öz millətlərinə, bəlkə ümuminsaniyyətə həm maddi və həm mənəvi mənfəət yetirirlər. Amma bizim içimizdən elələri çıxmayır?
Üzeyir bəyin fikrincə bu heç də bizim qabiliyyətsizliyimizdən, istedadsızlığımızdan irəli gəlmir: məsələ mühit və şəraitdədir. Yazıda iddia olunur ki, dahi amerikan ixtiraçısı Thomas Edison istedadında bir şəxs bizim aramızda doğulsa bir şey edə bilməzdi – çünki mühit ona imkan verməyəcəkdi; amma bizim aramızda o ixtiralara “şeytan əməli” deyən adamlar Amerika mühitində yaşasaydı ola bilər başqa cür düşünə və ümuminsaniyyətə xeyirli ola bilərdi.
Eyni mövzunu növbəti yazılarının birində – “Öz halımızdan” başlığı ilə daha geniş açan müəllif bizlərdə də bəzi sahələr üçün meydan açıldığından bu peşələrə istedadı olanların parlamasından söhbət açır:
Elə zənn edilməsin ki, bizlərdən ancaq qaçaq və quldur çıxa bilər, xeyr! Zatən qaçaq və quldurluğun özü də xususi bir istedad və qabiliyyətə möhtacdır. O səbəbə görədir ki, bizim aramızda qaçaq və quldurluğa vüsət verildiyinə görə məşhur qaçaq və quldurlarımız da çox olubdur. Hələ tək Bakı şəhərinin özündə qoçuluq məharətinə böyük bir meydan verildiyinə görə şəhərdə çürbəcür məşhur qoçular əmələ gəlmişdir. Çünki əvvəldən qoçuluğa qabiliyyət və istedadı olan adamlar, qabaqlarında böyük bir meydan görüb və heç bir mumanət görməyib, öz istedadlarını ibraz ilə məharət göstərdilər. Lakin bizə bu cürəmi istedadlar lazımdır? Halbuki bundan bizim özümüzə və ümuminsaniyyətə zərərdən başqa mənfəət yoxdur. Xeyr. Bizə mənfəətli istedadlar lazımdır. İstedad, yəni meyvə! Lakin bizə zəhəralud meyvələr lazım deyildir ki, canımızı tələf etsin. Şirin və dadlıları lazımdır ki, bədənimizə mənfəət yetirsin…
1912-ci ilin 14 sentyabrında, “İqbal” qəzetində yazdığı “Bizim adi söhbətimiz” miniatürlərində indi “türkün məsəli” formasında istifadə etdiyimiz ifadənin psixoloji səbəblərini açır:
[…] söyüşlәri uşaq yanında, arvad yanında demәyә utanmayan müsәlman, yazıq dilimizin düz-doğru kәlmәlәrini yerindә işlәtmәyә utanır, üzr әvәzinә “Türk demәli” sözünü әlavә edir, yәni tәqsir mәndә deyil, dilimizdәdir. Mәsәlәn:
— Mәşәdi Hәsәn, bu istәkanı, türk demәli, yerinә qoy.
— Әşi, qoy sәnin üçün bir istәkan da, türk demәli, töküm.
— Yaxşı, türk demәli, bir dә ver.
Halbuki tәqsir dilimizdә deyil, tәqsir ondadır ki, qәlbimiz pak deyildir. Hәr sözә başqa mәna veririk. […]
1915-ci il 26 oktyabr tarixində, “Yeni İqbal” qəzetindəki “Ordan-burdan”ın mövzusu xüsusilə diqqətəlayiqdir.
Yazı, müəllifin Bakıdakı “müsəlman çayxanalarının birinin qabağından keçərkən” bir anlıq ayaq saxlayıb ora tamaşa etməsi və düşüncələrə dalması ilə başlayır:
“Gördüm çay içәnlәr dimağ ilә әylәşib, kimi çay içmәyә, kimi qәlyan vә meypuş içmәyә mәşğul olub, bir tәrәfdә dәxi dәrviş idi, ya nağılçı idi, nәçi idisә, bir “şeydasifәt” şәxsin hekayәtinә qulaq asırdılar. Buradan hәrdәnbir ney sәsi dәxi gәlirdi. Qәrәz, mәclisin qızışmış bir zamanı idi ki, hәr kәsin, çayçı ilә bәrabәr mәşğuli-istirahәt olduğu aşkar idi.”
Müəllif, oxucunun ondan gözlədiyi “Ax! haçana kimi bu xabi-qәflәt! Haçana kimi çayçıxanalar guşәsindә әfsanәlәrә qulaq asmaqla әziz vaxtımızı keçirib, dalda qalacayıq?” kimi fikirlərin əksinə, gözlənilməz cavab verir:
[…] bu әhvalat mәnim çox xoşuma gәldi. Desәniz “nә üçün?” Deyәrәm ki, elә belә. Desәniz “Bәs, xabi-qәflәt, filan….” Deyәrәm ki, çay içmәk, necә ki, hamımız vә hamı içir, qәlyan vә meypәrvәş çәkmәk, necә ki, hamımız vә hamı çәkir; nağıla qulaq asmaq, necә ki, hamımız vә hamı qulaq asır xabi-qәflәt deyil, bәlkә istirahәti-bәdәndir. Gündüz axşama kimi işlәyib, әllәşib yorulandan sonra heç olmasa, axşamları bir qәdәr istirahәtә mәşğul olmaq günahdırmı vә ya qәbahәtdirmi? […]
Amma buna baxmayaraq müəllifin özü o çayxanaya girmir və bu barədə danışmaq istəmədiyini deyir. Yalnız yazının sonunda biz onun niyə çayxanaya girməməsini təxmin edə bilirik.
[…] Ancaq bir lәhzә gendәn tamaşa edib, xoşlandım. “Şәrq” hekayәlәri, Harun Әr-Rәşid zamanları yadıma düşdü. Nağılyçı, qәlyan, ney sәdası xәyalımı aparıb, Mәşriqi-zәminin ancaq nağıllarda eşitdiyimiz alәmini gәzdirdi. Yadıma düşdü ki, bәli, bu kiçik istirahәt haman qәdim zamanlardan qalma cәlal vә dәstgahın axır-uxurudur ki, indi gәlib, bu hala düşübdür.[…]
Sonra müəllif “müsəlman” və “yevropeyski” yeməklərinin və adətlərinin müqayisələrinə girərək birincilərin aşpazxanasında özünü öz evindəki, ikincilərin restoranında isə özünü yad hesab etməkdən; birincinin bir lüləkababının və toyuqplovunun ikincinin min bifşteksindən və kotletindən, həmçinin birincinin hamamının ikincisinin oxşar istirahət məkanlarından üstünlüyünü qeyd edir.
[…] Qiymәt tәrәfini dә götürsәn, bizim çayımız da, çörәyimiz dә, hamamımız da ikiqat yevropeyskidәn ucuzdur.
Bizim hәr şeyimiz, hәr qaydamız çox xoşagәlәn vә çox mәqbuldur, ancaq bir eybi var ki, işlәri korlayır. O şey natәmizlikdir.
[…] Tәәccüb burasıdır ki, müsәlman gәrәk hamıdan tәmiz olsun. Halbuki hamıdan natәmizdir. Adamı yandıran burasıdır. Odur ki, görürsәn, birdәn müsәlman hamamını bağlatdırırlar. Çünki natәmizdir, azar salandır. Hәmçinin çayxana, hәmçinin aşpazxana. Odur ki, görürsәn cansürtәn dә, canovan da, yuyunduran da, soyunduran da, aş da, lülәkabab da, dolma da, dovğa da, çay da, qәlyan da, nә dә – hamısı natәmizliyin qurbanı olub, lәzzәtdәn düşür vә heç gözә dә görünmәz olur. Ancaq meydanda qalan bu olur ki, müsәlmanın hәr bir şeyi natәmizdir, murdardır, azarsalandır.
[…] Vәhalonki bu murdar natәmizliyi bir kәrәlik üstümüzdәn rәdd edә bilsәk, altında gizli qalmış bir çox gözәl vә göyçәk şeylәrimiz meydana çıxıb, hәr kәsin rәğbәtini artırar, xoşa gәlәr, biz dә özgәlәrdәn nәinki utanmarıq, bәlkә, onlar yanında fəxr edәrik vә üstәlik hәlә can-başımız da salamat olar…[…]
Bu qeyd olunan 5-6 nümunə Üzeyir Hacıbəylinin publisistikasına xas iti zəkaya, analitik qabiliyyətə çox kiçik nümunələrdir. Onun qələmindən çıxan Şərq musiqisindən Avropa musiqisinə, mənsub olduğu xalqın problemlərindən tutmuş dünyada gedən siyasi proseslərə, tarixdən və fəlsəfədən ədəbiyyata və elmə qədər geniş bir spektrı əhatə edən yüzlərlə yazıda bu cür nümunələrin sayı-hesabı yoxdur.
Sonda, yeri gəlmişkən onu da təəssüflə qeyd edək ki, indiyə qədər bu böyük fikir adamının publisistikası tam şəkildə araşdırılıb çap olunmayıb. Sovet dövründə yalnız mövcud siyasi sistemdə işıqlandırılması məsləhət görülənlər (özü də ixtisarlarla) demək olar ki bir kitab şəklində; müstəqillik dövründə isə əvvəla həmin kitab sadəcə latın əlifbasına çevrilərək, o kitaba düşməyənlərin bəziləri isə bir-biri ilə əlaqəsi olmayan ayrı-ayrı kitablar şəklində çap olunmuşdur. İnanaq ki, nə vaxtsa Üzeyir Hacıbəylinin publisistikasını təzədən, necə deyərlər sıfırdan araşdırarıq, bu dəfə olduğu kimi – yəni həm ixtisarsız, həm də müdaxiləsiz şəkildə çap etməyə qadir bir cəmiyyətə çevriləcəyək.
Firudin Allahverdi