İctimai xadimlərdən Tofiq Yaqubluyla bağlı prezidentə MÜRACİƏT 

ÖLKƏ
14:09 / 18.09.2020
1371

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Hörmətli Prezident!

Biz, aşağıda imza edənlər, tanınmış siyasi fəal, Qarabağ müharibəsinin iştirakçısı, barəsində haqsız məhkəmə hökmü çıxarılmasına etiraz olaraq hazırda aclıq aksiyasını davam etdirən və həyatına təhlükə yaranmış Tofiq Yaqublu ilə bağlı Sizə müraciət edirik.

Bildirmək istəyirik ki, T.Yaqublunun həbsinin motivi və onunla bağlı aparılan ibtidai istintaq və məhkəmə araşdırması, eləcə də məhkəmənin çıxardığı “4 il 3 ay həbs” hökmü cəmiyyətdə birmənalı qarşılanmamışdır. Təkcə siyasət və hüquq adamları deyil, cəmiyyətin başqa təbəqələri də məhkəmənin bu qərarını, eləcə də T.Yaqublunun həbsini qərəzli hesab edir, onun şərlənərək tutulduğunu düşünür. Bu məsələdən siyasi məqsədlər üçün istifadə edib cəmiyyətdə qarşıdurma yaratmaq cəhdləri də müşahidə olunur. Pandemiya şəraitində milli təhlükəsizliyimizə qarşı təhdidlərin artdığı bir vaxtda əlavə gərginliyin yaradılması ehtimalı da bizi xeyli narahat edir. Hazırda xəstəxanada uzunmüddətli aclığı davam etdirən T.Yaqublunun səhhətinin pisləşməsi və bu barədə həyəcanlı xəbərlərin yayıllması bu narahatlığımızı daha da artırmışdır.

Cənab Prezident!

Yuxarıda deyilənləri, hazırda həmin hökmdən apellyasiya şikayəti verilməsini, xüsusən aclıq nəticəsində Tofiq Yaqublunun sağlamlıq durumunun böhran həddinə çatmasını nəzərə alaraq, onun barəsində seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilməsinə yardımçı olmağınızı, məhkəmə istintaqının obyektiv aparılması və ədalətli qərar qəbul edilməsi prosesini öz nəzarətinizə götürməyinizi Sizdən xahiş edirik.

Hörmətlə:

Qulu Məhərrəmli-jurnalist
Elçin Şıxlı-jurnalist
Arif Əliyev-jurnalist
Aysel Aydln Əlizadə-yazıçı-publisist
Nazim Bəydəmirli-iqtisadçı
Ələsgər Məmmədli-hüquqşünas
Bəxtiyar Hacıyev-ictimai fəal
Azər Mehtiyev-iqtisadçı
Nicat Gözəlov-hüquqşünas
Ramin Hacılı-ictimai fəal
Tahir Tahiroviç- kinorejissor.

0