Suraxanı icra başçısı vərəm xəstəsini evsiz qoyub (FOTO/VİDEO)

ÖLKƏ
11:44 / 20.05.2020
1971

“Bizim ailələr, yəni Dövlətovlar və Abaduləliyevlər Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi 24, A/Y ünvanında yerləşən binada yaşayırlar. Prezidentin səlahiyyətli nümayəndələri olan yerli İcra Hakimiyyəti rəhbərlərinin ailələrimizin müqəddaratı həll olunan məsələdə səthi münasibəti bugünədək davam etməkdədir. Üzülərək qeyd edirəm ki, cənab Prezidentə ünvanladığımız müraciətlərə baxılmır.  Yəni Suraxanı RİH-dən olan müraciətlərimiz rayon rəhbərliyinin təkrar cavabları ilə ünvanımıza göndərilir. Nəticədə ailələrimizin çətinlikdən qurtulması üçün heç bir köməklik göstərilmir”.

Bu sözləri Hit.Az-a göndərdiyi məktubda şikayətçi Dövlətov Zaur İbrahim oğlu yazıb. 

Onun sözlərinə görə, yaşadığı ailəvi yataqxana 07.04.2017-ci ildə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən qəzalı göstərilib: “Komissiya vaxtı, ilk öncə qeydə aldıqları Abduləliyevlər ailəsinin üzvlərinin daha sonra binada yaşamadıqlarını iddia etməyə başlayan rayon rəsmiləri iki mənzildə yaşayan iki ailə olduğumuz halda, qohumluq əlaqələrini bəhanə gətirərək bir ailə tərkibində göstərilməyimiz nəticəsində qəzalı binadan köçmək üçün ailələrimizdən yalnız Dövlətovlar ailəsinə olmaqla cəmi bir maddi yardım ayrılmasına səbəb olublar. 

Lakin həmin vəsaiti də Dövlətovlar ailəsinə təqdim etmirlər, bunun üçün Abduləliyevlər ailəsinin üzvünün imzasını tələb edirlər.  Nəticədə qəzalı binadan köçməyimiz mümkünsüz hal alıb. Bununla bağlı müraciətlərimizə də heç bir izahedici cavab almamışıq”.

Z.Dövlətov bildirir ki, 16 yaşında vərəm xəstəliyinin ağır formasına tutulduğundan illərlə onun müalicəsi ilə məşğul olub: 

“Həkimlər tərəfindən ailə üzvlərinin sağlamlığının qorunması məqsədi ilə ayrı birotaqlı mənzildə yaşamağım məsləhət görülüb. Lakin “Vərəmlə Mübarizə Haqqında" Qanunla qorunan hüquqlarım nəzərə alınmır.  

Suraxanı Rayon İcra Hakimiyyətinin məhkəmədə qaldırdığı iddiaya görə ailələrimizin cəmi 1 "birdəfəlik maddi yardım" (35 000 manat) qarşılığında qəzalı binadan köçürülməsi işinə baxılır. 
Maraqlıdır, qərardan narazı olan bizim ailələr olduğu halda, ailələrimizin iddia tələbinə deyil, İcra Hakimiyyətinin iddia tələbinə baxılır. İcra Hakimiyyəti məhkəmə prosesini bəhanə edərək öz hərəkətlərinə obyektiv qiymət verilməsindən yayınır. 

Bütün bu müddət ərzində isə ailələrimizin necə çətinliklərlə üzləşdiyi nəzərə alınmır, qəzalı elan olunan son mənzil-yaşayış yerimizi məcbur olub tərk edə bilmirik.

İcra Hakimiyyətinin qaldırdığı iddiaya qarşı verdiyimiz şikayət təmin olunarsa, bizim ailələrin binadan köçməsi mümkün olmayacaq, ailələrimizdən digərinə vəsait yenə verilməyəcək. 

Çünki ailələrimizin bir maddi yardımla binadan çıxarıması işinə baxılır. Bu iddia təmin edilməsə yenə qəzalı binada antisanitariya şəraitində yaşamağa davam edəcəyik. 

Bu da İcra Hakimiyyətinin mövcud məsələ ilə bağlı nə qədər yersiz iddia qaldırdığını göstərir. Əksinə, vəsait bölgüsündən narazı ailənin (ikinci) iddiasına baxılmalı və münasibət bildirilməli idi”.

Aslan
Hit.Az

0